Məntiqlə yanaşdıqda, Rusiya NATO-ya hücum etməməlidir, çünki bunun üçün kifayət qədər resursu yoxdur, amma Kreml sahibi Vladimir Putin belə bir müharibə ilə bağlı öz hesablamalarına malik ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Nəşrin fikrincə, Rusiya liderinin Ukraynaya qarşı müharibə ilə bağlı da oxşar “hesablamalar”ı var. Rusiya bu “hesablamalar” uğrunda hər ay 30 min hərbçisinin itirir, əvəzində kiçik əraziləri işğal edir.
NATO məsələsində isə Putin artıq alyansı “boz zona”da sınaqdan keçirir və real münaqişəyə səbəb olmadan onun zəif tərəflərini axtarır. Məsələn, Rusiya Avropaya dronların buraxılması üçün “kölgə donanması”nın gəmilərindən istifadə edir. Moskva həmçinin kiberhücumlar həyata keçirir və sualtı kabelləri sıradan çıxarır. NATO isə bütün bunlara demək olar, praktiki addım atmadan reaksiya verib. Putin hesab edə bilər ki, Avropa yenidən silahlanmağa macal tapmamış NATO-nu parçalamaq mümkündür. Kreml həmçinin ABŞ Prezidenti Donald Trampın müttəfiqlərə dəstəyi dayandıracağına ümid edə bilər.
Tramp prezidentliyi dövründə Putinin Ukraynaya hücum etməyəcəyini tez-tez vurğulasa da, hazırda Rusiya lideri amerikalı həmkarının ona yaxınlaşmaq cəhdlərini zəiflik əlaməti kimi qiymətləndirə bilər.
Nəşrin fikrincə, Yaxın Şərqdəki müharibə fonunda ABŞ-nin hərbi gücü də sual altındadır. Çünki Putin Pentaqonun cəmi bir neçə həftəlik mübarizədən sonra sursatların istifadəsini məhdudlaşdırmaq məcburiyyətində qaldığını görür. ABŞ-də aralıq seçkilərin yaxınlaşması fonunda isə Tramp Avropadakı yeni böhrana qoşulmaq istəməyə bilər.
“Heç kim Çin, Rusiya, İran və Şimali Koreyanın da bu məqamda Qərbin zəif tərəflərini üzə çıxarmaq üçün birlikdə hərəkət etməyəcəyini düşünməməlidir. Görünür, cənab Retkliff Moskvaya İrana köməyi dayandırmağı deyib və bu, müsbət haldır, amma bunun baş verəcəyini gözləmək olmaz. Yəqin ki, Çin lideri Si Cinpin sentyabrda Vaşinqtona səfərindən əvvəl böhran yaranmasını istəmir, amma nələrin baş verəcəyini də kimsə bilmir”, - nəşr qeyd edib.
Analitiklərə görə, ABŞ Rusiyanın Avropaya mümkün müdaxiləsini ciddi qəbul edir. Əks halda Vaşinqton Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffi Moskvaya göndərməzdi. Amma sual yaranır ki, Tramp ABŞ-nin rəqiblərini onun iddia etdiyi qədər güclü şəkildə çəkindirə bilərmi?
“Əgər Putin NATO ilə təxribat xarakterli oyun oynasa, Tramp Avropadan qoşunların çıxarılması planını ləğv etməklə, Ukraynaya və NATO-nun ön cəbhəsinə daha böyük dəstək siqnalı verməklə qətiyyətini nümayiş etdirə bilər. ABŞ-nin Rusiya qarşısında çəkindirmə siyasəti yenidən nəticə verməsə, Trampın günahı Co Baydenin üzərinə atmaq imkanı olmayacaq və onun prezidentliyi təhlükə altında qalacaq”, - nəşr əlavə edib.











