Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəsur Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cəsur Yusifov Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona 4 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və o, dərhal məhkəmə iclas zalından həbs edilib.
İttihama görə, Cəsur Yusifov tamah niyyəti ilə ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək və onları aldatmaqla pul vəsaitlərini ələ keçirib.
Belə ki, o, tanışlarına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumun keçirdiyi hərraclarda iştirak etdiyini, bazar qiymətindən ucuz avtomobillər alaraq satdığını və bundan gəlir əldə etdiyini deyib.
Təqsirləndirilən şəxs həmçinin hərracların keçirilməsi qaydalarını bildiyini, bu sahədə təcrübəli olduğunu deyərək zərərçəkmiş şəxslərin etibarını qazanıb. Bundan sonra isə müxtəlif avtomobilləri hərracdan ucuz qiymətə alıb onlara verəcəyini və birgə gəlir əldə edəcəklərini vəd edib.
İttihamda əksini tapan epizodlar üzrə Cəsur Yusifovun müxtəlif şəxslərdən ümumilikdə 122 950 manat pul vəsaitini və əmlakı dələduzluq yolu ilə ələ keçirdiyi göstərilir.
Məhkəmə istintaqı zamanı o, ifadə verərək elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini deyib.












