Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Himalay Lalayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 2026-cı ilin iyun ayında gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.
Cinayət işi materiallarına əsasən, 1940-cı il təvəllüdlü Himalay Lalayev həmin gün spirtli içki qəbul etdikdən sonra oğlu, zərərçəkmiş Kərim Lalayevlə (adı, soyadı şərtidir) birlikdə yaşadığı evdə məişət zəminində mübahisə edib. Mübahisənin səbəbi oğlunun işləməməsi, atasının təqaüdü hesabına dolanması və ailədaxili narazılıqlar olub.
Bu zaman təqsirləndirilən şəxs qonaq otağından oğlunun olduğu yataq otağına keçərək əlindəki bıçaqla onun döş qəfəsinin sol nahiyəsinə zərbə endirib.
Ekspertiza rəylərinə əsasən, zərərçəkmiş şəxsə sol plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara, sol tərəfli hemopnevmotoraks və həyatı üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti yetirilib. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında Himalay Lalayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, hadisənin bütün detallarını xatırlamadığını deyib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan olunub.
Həmin ifadədə o göstərib ki, həyat yoldaşı vəfat etdikdən sonra oğlu ilə birlikdə yaşayır. Hər ikisi tez-tez spirtli içki qəbul edir, Kərim isə işləmədiyi üçün aralarında daim mübahisələr yaranır.
Təqsirləndirilən şəxs bildirib ki, oğlu evin satılmasını və satışdan əldə olunacaq vəsaitdən 30 000 manat verilməsini tələb edib. O isə bu tələblə razılaşmayıb.
İfadəsində qeyd edib ki, hadisə günü evdə alma doğrayarkən əlində məişət təyinatlı bıçaq olub. Bu zaman oğlu onu təhqir edib və nalayiq ifadələr işlədib.
Bundan sonra Himalay əlində bıçaqla Kərimin ardınca yataq otağına keçdiyini, mübahisənin davam etdiyini və əsəbi halda oğluna bir neçə dəfə bıçaq zərbəsi endirdiyini bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş şəxs evdən qaçaraq küçəyə çıxıb, daha sonra yenidən evə qayıdaraq təcili tibbi yardım çağırılmasını istəyib. Təqsirləndirilən şəxs telefon işlədə bilmədiyi üçün hadisə barədə başqa şəxslərə məlumat verildiyini söyləyib.
O əlavə edib ki, təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəldikdən sonra polisə məlumat verilib.
Himalay məhkəmədə deyib ki, oğlunu öldürmək niyyəti olmayıb, məqsədi yalnız onu qorxutmaq və davranışına görə tənbeh etmək olub.
Məhkəmədə dindirilən zərərçəkmiş Kərim Lalayev hadisə günü atası ilə birlikdə spirtli içki qəbul etdiklərini təsdiqləyib.
Onun sözlərinə görə, aralarında mübahisə yaranıb, qarşılıqlı şəkildə bir-birlərinə nalayiq ifadələr işlədiblər. Daha sonra atasının əlində bıçaq olduğunu görüb və bıçaq zərbəsi aldığını hiss edib.
Zərərçəkmiş şəxs deyib ki, bundan sonra təcili tibbi yardım çağırılıb və xəstəxanaya aparılıb.
Hakimlərin suallarını cavablandıran Kərim Lalayev atasının ona yalnız bir bıçaq zərbəsi vurduğunu, mübahisəni isə ilk olaraq özünün başladığını deyib.
O, hazırda atası ilə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını da məhkəmənin diqqətinə çatdırıb.
























