"Artıq 7 gündür ki,Kapital Bank bütün bank hesablarımı və vəsaitlərimi bloklayıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bu günə qədər mənə:
* bloklamanın hüquqi əsası təqdim edilməyib;
* hansı dövlət orqanının qərarına əsaslandığı bildirilməyib;
* nə qədər davam edəcəyi izah olunmayıb;
* rəsmi yazılı cavab verilməyib.
Şifahi olaraq bunun M10 ilə əlaqəli olduğu deyilir. Halbuki M10 ilə bağlı məsələ üzrə aylar əvvəl aidiyyəti dövlət orqanına izahat vermiş, tələb olunan məlumat və vəsaitin mənşəyi barədə sənədləri təqdim etmişəm.
Mənim PAŞA Pay MMC ilə münasibətim ayrıca müqavilə, Kapital Bank ASC ilə münasibətim isə ayrıca müqavilə əsasında tənzimlənir. Əgər hər hansı hüquqi əsas varsa, onu açıqlayın. Yoxdursa, vəsaitimdən istifadə hüququmu hansı səlahiyyətlə məhdudlaşdırırsınız?
Bankın müştərini günlərlə məlumatsız saxlaması, öz puluna çıxışını məhdudlaşdırması və bunun hüquqi əsasını açıqlamaması qəbuledilməzdir.
Bu hadisəni paylaşmaqda məqsədim hər kəsi düşünməyə vadar etməkdir: Bank seçərkən təkcə xidmətə deyil, müştərinin hüquqlarına necə yanaşıldığına da diqqət yetirin..."





















