
Xəbər verdiyimiz kimi, Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Gununsesi.info xəbər verir ki, növbədənkənar sessiya çərçivəsində ümumilikdə 8 plenar iclas keçirilib.
Bu səbəb, deputatlar artıq məzuniyyətə yollanıblar.
Maraqlıdır, bəs onlar məzuniyyəti harada keçirməyi düşünürlər?
Bu barədə Gununsesi.info deputatlar arasında sorğu keçirib.
Milli Məclisin xanım deputatı Elnarə Akimova saytımıza açıqlamasında bildirib ki, o, bu yay əsasən Sumqayıtda olacaq:
“Məzuniyyətimi əsasən yaşadığım Sumqayıt şəhərində keçirəcəm. Üzərində işləməli olduğum iki kitabım var. Bu mənada, məzuniyyət hər zaman mənə tədqiqatlarıma köklənməyim üçün yaxşı fürsət olur. Ümumiyyətlə, mənim üçün evin verdiyi hüzuru heç nə əvəz etmir. Yalnız avqust ayında on günlük Qusarda dincəlməyi düşünürəm. Orda ata əmanəti yeganə bibim yaşayır. Hər məzuniyyət vaxtı həm onu ziyarət edir, həm də dincəlirəm”, – deyə o qeyd edib.
Deputat Elman Nəsirov isə hələlik Bakıda olduğunu bildirib:
“Bakıdayam indi, tədbirlərə gedirəm, müsahibələr verirəm, çəkilişlərə qatılıram. Lakin avqust ayında 15-20 gün istirahət etmək istəyərdim. Planda Qubaya, Qusara getmək var. Daha sonra Şamaxı, Astaraya da getmək istəyirəm. Nəhayət, doğulduğum Cəlilabad rayonunda da bir neçə gün qalaraq, ölkə daxilində mühiti dəyişmək istəyirəm”.
Fazil Mustafa isə bildirib ki, hazırda Tərtərdədir:
“Tətilə çıxandan sonra rayonlarımızı gəzməyi planlaşdırmışam. Qarabağa getmişəm. Naxçıvana da gedəcəm. Ola bilsin, Gəncəyə də getdim. Yaxın 10-15 gün ərzində bölgələri gəzəcəm. Vaxtımı daha çox bölgələrdəki durumu görmək, dostlarla görüşmək və bu havalardan istifadə edərək çoxdan getmədiyim yerlərə baş çəkməyi nəzərdə tutmuşam”.
Deputat Elçin Mirzəbəyli isə bu cür deyib:
“Bakıdayam, evimdəyəm”.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Payız sessiyası sentyabrın 30-da başlayacaq.









