Azərbaycanda heyvandarlıq sektoru son illər həm məhsuldarlıq, həm də heyvan sayındakı dəyişikliklər fonunda müzakirə olunur.
Globalinfo.az mövcud vəziyyət, əsas problemlər və sahənin inkişaf perspektivləri üzrə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə müsahibəni təqdim edir:
– Azərbaycanda heyvandarlığın vəziyyəti nə yerdədir?
– Ölkədə heyvandarlıq kənd təsərrüfatının əsas sahələrindən biri olaraq qalır. Son illərdə dövlət dəstəyi, subsidiyalar və damazlıq işlərinin genişləndirilməsi istiqamətində müəyyən addımlar atılıb, amma sahə hələ də daxili tələbatı tam ödəyəcək səviyyədə inkişaf etməyib. Xüsusilə ətlik mal-qara və qoyunçuluq üzrə məhsuldarlığın aşağı olması, yem bazasının zəifliyi, istehsal xərclərinin yüksəkliyi sektorun əsas problemləri olaraq qalır.
– 2026-cı ilin ilk yarısında Gürcüstandan Azərbaycana diri qoyun idxalı kəskin artıb. Bu fakt bazarda qırmızı ətin qiymətlərini sabitləşdirə bilərmi?
– Diri qoyun idxalının artması qısa müddətdə bazarda təklifin çoxalmasına və qiymətlər üzərində təzyiqin müəyyən qədər azalmasına kömək edəcək. Lakin bu, uzunmüddətli həll deyil. Əgər yerli istehsalın inkişafı təmin olunmasa, bazar idxaldan asılı qalacaq və xarici bazarlarda qiymət dəyişiklikləri, logistika və digər amillər yenidən daxili qiymətlərə təsir göstərəcək.
– Ölkədə heyvandarlığın inkişafına mane olan nədir?
– Sahənin inkişafına mane olan əsas amillər yem istehsalının kifayət qədər olmaması, otlaq sahələrinin azalması, istehsal xərclərinin artması, məhsuldarlığın aşağı olması, damazlıq təsərrüfatlarının məhdudluğu və kiçik fermerlərin maliyyə imkanlarının zəifliyidir. Bundan əlavə, müasir texnologiyaların tətbiqinin məhdud olması və bazara çıxış imkanlarındakı çətinliklər də inkişaf tempini ləngidir.
– Monopoliya, otlaq sahələrinin getdikcə azalması və quru sərhədlərin bağlı qalması heyvandarlığın vəziyyətinə hansısa formada təsir göstərir?
– Rəqabətin zəif olduğu bazarlarda istehsalçılar həm yem, həm də digər resursları daha yüksək qiymətə əldə edə bilirlər ki, bu da maya dəyərini artırır. Otlaq sahələrinin azalması fermerləri əlavə yem almağa məcbur edir və xərcləri yüksəldir. Quru sərhədlərlə bağlı məhdudiyyətlər isə bəzi hallarda canlı heyvan və yem tədarükünü çətinləşdirə, logistika xərclərini artıra bilər. Bütün bunlar birlikdə yerli istehsalın rəqabət qabiliyyətini zəiflədir və qiymətlərə müəyyən formada təsir göstərir.
– Bu sahənin inkişafı üçün nə etmək lazımdır?
– İlk növbədə yem bazası gücləndirilməli, otlaq sahələri qorunmalı və səmərəli idarə olunmalıdır. Damazlıq işlərinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, kiçik və orta fermerlər üçün güzəştli kredit, subsidiyaların artırılması da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bazarda sağlam rəqabət mühitinin təmin edilməsi, istehsalçıların satış imkanlarının genişləndirilməsi, logistika xərclərinin azaldılması sahənin dayanıqlı inkişafına və ət istehsalının artmasına müsbət təsir göstərər”.
























