İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsinə cavab olaraq, “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinin qanunsuz elan edilməsi adekvat addımdır. Məntiqlə Tehran geri çəkilməli – Azərbaycanın dövlət kanalı ilə bağlı yanlışını düzəltməlidir, çünki müharibənin davam etdiyi mövcud vəziyyətdə mümkün gərginlik İrana sərfəli görünmür. Lakin bunun baş verəcəyi ehtimalı zəif görünür və mümkündür ki, AzTV ilə bağlı qərar Azərbaycanla informasiya müstəvisində yeni qarşıdurmanın başladılması məqsədilə verilib. İranda Bakı ilə gərginlikdə maraqlı olan qrupların burada rolunun olduğu da istisna edilməməlidir.
Media Agentliyi Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri “Səhər” və “Mehr”lə, eləcə də onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan da çəkinməyə çağırır. Bura ekspertlər də daxil edilməlidir, çünki xüsusilə “Səhər” kanlı azərbaycanlı şərhçilərdən açıqlamalar almağa çalışır və bunu İran təbliğatında istifadə edir. Hətta kanala müsahibə verənlər arasında deputatlar da var. Bu kanalla bağlı qərar çoxdan verilməli idi.
Asif Nərimanlı - "DİA-AZ"
.
.
.
Qeyd: istinad etmək vicdan işidir... ZOR DEYİL!














