Avropa Komissiyası Ermənistan meyvə və tərəvəzinin ilin sonunadək Aİ ölkələrindəki mağazaların piştaxtalarında peyda olub-olmayacağı ilə bağlı suala cavab verməyib.
"Report"un Avropa bürosu xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo gündəlik brifinqdə məhz bununla bağlı verilən sualı birbaşa cavablandırmaq əvəzinə, komissiyanın rəhbəri Ursula fon der Lyayenin iyun ayında İrəvana səfəri zamanı elan etdiyi Ermənistana dəstək tədbirlərini sadalayıb.
Ermənistan məhsullarının Aİ bazarına daxil olma tarixi barədə proqnoz vermək yerinə Avropa Komissiyasının nümayəndəsi Brüsselin Ermənistan iqtisadiyyatına necə kömək etməsi və gələcəkdə ticarətin genişlənəcəyini gözlədiyi barədə ətraflı danışmağa üstünlük verib.
Onun sözlərinə görə, nəzərdə tutulan avtonom ticarət tədbirləri yaxın gələcəkdə Ermənistandan idxalın artması mənasına gələ bilər.
Pinyo Rusiyanın Ermənistan gülləri üçün öz bazarını qəfildən bağladığını nümunə gətirib. "Rusiya qəfildən gül idxalını dayandıran kimi - bu isə Ermənistan üçün böyük satış bazarı idi, Aİ dərhal müdaxilə edərək faktiki olaraq bu itkiləri kompensasiya etdi", - o bildirib.
"Bu, bizim fikrimizcə, Ermənistanla ticarətin həqiqətən də artmasına gətirib çıxaracaq prosesin başlanğıcı oldu", - Pinyo qeyd edib.












