“ABŞ-İran hərbi münaqişəsində cari ilin 17 iyununda imzalanmış memorandumla atəşkəs elan edilsə də, bu atəşkəsin uzun müddət davam etməsinin mümkünsüzlüyü barədə dəfələrlə fikirlərimi səsləndirmişdim. Atəşkəs cəmi 20 gün davam edə bildi. İndi müharibə özünün daha şiddətli fazasına keçməkdədir”.
Bunu Musavat.com-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib.
O bildirib ki, yenidən alovlanan müharibənin bu ilin noyabr ayında ABŞ-də keçiriləcək seçkilərə qədər yekunlaşması mütləqdir:
“Donald Tramp öz partiyasının bu seçkilərdə qalib gəlməsini istəyirsə, seçkilərə qədər müharibəni bitirməli və İranın məğlubiyyətinə nail olmalıdır. Onun bununla bağlı başqa bir yolu yoxdur. Yaxın günlər və bəlkə də saatlar ərzində prezident Trampın vəd etdiyi genişmiqyaslı müharibənin başlanması realdır. Bu müharibə bundan öncəki İranın yalnız havadan bombardman edilməsi ilə aparılmayacaq. Burada hərbin bütün qollarından istifadə ediləcəyi gözləniləndir. Quru qoşunlardan istifadə isə müharibənin yeni bir müstəvidə davam etməsi demək olacaq”.
Qeyd edək ki, “Ənsər-Allah”ın Bab-əl Məndəb boğazında tankerlərə hücumu, ABŞ-nin İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Kəməri Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
“Brent” etalon markalı neftin bir bareli psixoloji hədd olan 100 dolları keçərək artıq neçənci hərracdır ondan yüksək olaraq qalır. Hazırda qiymət 101 dollardan yuxarıdır. WTI neftinin qiyməti isə 93 dollara yaxınlaşır.
AZƏRTAC analitiklərə istinadən bildirib ki, qiymətlərin artmasına hərbi münaqişələrlə yanaşı, qlobal neft ehtiyatlarının azalması da səbəb olub. Qiymətlər Qırmızı dənizdən enerji axınlarında potensial pozuntularla bağlı narahatlıqlar və ABŞ-İran müharibəsində daha da eskalasiya qorxusu fonunda bahalaşır. Bildirilir ki, hazırda bazarın üzləşdiyi potensial təchizat pozuntuları müharibə dövründəkindən daha böyükdür. Hörmüz boğazından neft axını demək olar ki, tamamilə dayanıb. Gərginliyin daha da artması və Körfəzdə münaqişənin genişlənməsi ehtimalı qlobal neft tədarükünün əhəmiyyətli hissəsini risk altına qoyur.
Məsələnin maraqlı tərəfi də var. Avropa məkanı Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırsa da, neft pulları Kremlin harayına yetişir. Belə ki, hazırda neft qiymətlərinin artmasından daha çox faydalanan Rusiyadır. İyul ayı ərzində Rusiyanın neft satışından əldə etdiyi gəlirlər 60 faiz artıb ki, bu onun sanksiyalar altında olan iqtisadiyyatının “ayaqda” qalmasını təmin edib.
Paralel şəkildə Azərbaycan nefti də bahalaşıb.
Bəs gedişat nə vəd edir? Qiymətlərdə yenidən sürətli eniş gözlənilir?
Fikrət Yusifov bu barədə danışarkən bildirib ki, müharibə bitənə qədər Körfəzdə ticarət və neft daşıyan tankerlərin hərəkəti mümkünsüz olacaq:
“Bu şəraitdə dünya neft bazarlarında Hörmüz boğazının bağlanması səbəbindən ciddi ajiotaj yaşanacaq və bu proses artıq sürətlə davam etməkdədir. ABŞ və İran arasında atəşkəsin 17, 18-ci günlərində dünya bazarlarında neftin qiyməti 70 dollara yaxınlaşırdı. Bu gün həmin qiymətlər artıq 100 dollar ətrafındadır. Bu gedişlə müharibə yekunlaşana qədər neft qiymətlərinin 200 dollara qədər yüksəlməsi də real görünür”.
İqtisadçı alim təsdiqləyib ki, neftin qiymətlərinin bu şəkildə artmasından bu gün dünya ölkələri içərisində daha çox qazanan Rusiyadır:
“Rusiya bu gün Ukraynaya qarşı apardığı işğalçı müharibədə ciddi maliyyə sıxıntıları keçirir. Qiymətlərin bu şəkildə artması onun üçün yeni maliyyə nəfəsliyi açır. Bu yolda Rusiyanın xeyrinə olan bir başqa məqam da Hörmüz boğazının bağlanması səbəbindən Qərbin neft bazarındakı gərginliyi bir qədər yumşaltmaq xatirinə Rusiya neftinin oğurluq yollarla satışına göz yummasıdır”.
Digər neft ölkəsi İrana gəlincə, sabiq nazir qeyd edib ki, İran neft qiymətlərinin bu qədər artmasından yararlana bilməyəcək:
“Çünki İran neftinin demək olar ki, 90%-dən çoxunu Hörmüz boğazı vasitəsilə satırdı”.
Azərbaycana gəldikdə, Fikrət Yusifov bildirib:
“Neft qiymətlərinin bu qədər yüksəlməsi bizə daha çox möhkəm valyuta gətirəcək. Lakin bir məsələni unutmayaq ki, neftin bu qədər bahalaşması dünyada bütün məhsulların qiymətlərində kəskin artımlara səbəb olacaq. Nəzərə alaq ki, Azərbaycan hər il təqribən 25-30 milyard dollar həcmində müxtəlif məhsullar, o cümlədən böyük həcmlərdə ərzaq və dərman məhsulları idxal edir. Dünya bazarlarında qiymətlərin kəskin artımı Azərbaycan bazarına da idxal olunacaq. Bu isə arzuolunan deyil. Elə bu səbəbdən də Azərbaycan Prezidenti dünya bazarlarında neftin qiymətlərinin kəskin artımına münasibət bildirərkən demişdi ki, biz bu qiymətlərin sabit qalmasının tərəfdarıyıq. Bu, olduqca doğru bir yanaşmadır. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir. O müstəvidə baş verən proseslərin bizdən yan ötməsi mümkün deyil”.












