ABŞ administrasiyası İranın iyulun 6-da Hörmüz boğazında kommersiya gəmilərinə ən azı iki raket zərbəsi endirdiyini hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raket hücumları ABŞ və İran arasında Hörmüz boğazında hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan bir həftəlik razılaşmanın başa çatmasından sonra baş verib.
"Axios" yazır ki, Vaşinqton bu hadisəni ABŞ ilə İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun pozulması kimi qiymətləndirir. Portalın məlumatına əsasən, ABŞ-nin buna cavab olaraq İrandakı müəyyən hədəflərə zərbələr endirməsi ehtimalı nəzərdən keçirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla hərbi qarşıdurmaya başlamışdı. Daha sonra iyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Memorandumun icrası ilə bağlı ABŞ və İran nümayəndələri İsveçrənin Bürgenştok kurortunda Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Tərəflər ilk mərhələnin yekununda danışıqların konstruktiv atmosferdə keçdiyini və texniki məsləhətləşmələrin davam etdirilməsi üçün əsas yarandığını bildirmişdilər.






