Azərbaycanda yod istehsalı ilə məşğul olan “IODICO” MMC-nin (əvvəl: “Azər-Yod” MMC) direktoru dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata görə, şirkətin direktoru vəzifəsinə Samir Aslanov Mirməmməd oğlu təyin edilib. O, bu vəzifədə Xəlilov Rəşad Cavanşir oğlunu əvəz edib. R.Xəlilov 2014-cü ildən bu posta çalışırdı.
Samir Aslanov bundan əvvəl “IODICO” MMC-də baş direktorun müavini və maliyyə direktoru vəzifəsində çalışıb. O, şirkətdə 2014-cü ildən müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Karyerasına isə ABB-də başlayıb və burada 12 ildən artıq müddətdə müxtəlif, o cümlədən bölmə rəhbəri vəzifəsində işləyib.
S.Aslanov Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və maliyyə, Azərbaycan Dillər Universitetində dilçilik üzrə bakalavr və magistr, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində istehsalat və əməliyyatların idarə edilməsi ixtisası üzrə MBA dərəcəsi alıb.
Qeyd edək ki, Samir Aslanovun əvəz etdiyi Rəşad Xəlilov Azərbaycanın tanınmış iş adamı, ISR Holdinqin sahibi İsgəndər Xəlilovun qardaşı oğlu idi.
Xatırladaq ki, “IODICO” MMC 2005-ci ildə təsis edilib, 13.75 mln. ABŞ dolları nizamnamə kapitalına sahibdir. 2023-cü ilə qədər “Azər-Yod” MMC kimi fəaliyyət göstərirdi. Şirkət “İSR Holdinq”ə daxildir.







