“Baker Tilly Audit Azərbaycan” QSC 2025-ci ili 883.7 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 28.02% azdır. Banker.az bunu audit şirkətinin hesabatına istinadən xəbər verir.
Audit və konsaltinq şirkətinin gəlirləri 2.05% artsa da, əməliyyat xərcləri 7.09%, ümumi və inzibati xərcləri isə 0.29% yüksəlib. Nəticədə əməliyyat mənfəəti 16.99%, maliyyə mənfəəti isə 21.28% azalıb. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 1.91 milyon manata çatıb ki, bu da illik müqayisədə 11.65% artım deməkdir.
Şirkətin ümumi gəlirləri 2025-ci ildə 8.6 milyon manat təşkil edib və illik müqayisədə 2.05% artıb. Eyni zamanda ümumi xərclər (əsas əməliyyat xərcləri, inzibati xərclər və gəlirdən çıxılan vergilər) 7.47 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 4.95% çoxdur. Şirkətin gəlirləri əsasən audit və əlaqəli peşəkar xidmətlərdən formalaşıb.
2025-ci ilin sonuna “Baker Tilly Audit Azərbaycan” QSC-nin cəmi aktivləri 2.8 milyon manat olub və bu göstərici illik müqayisədə 22.44% artıb. Aktivlərin əsas hissəsini 1.19 milyon manat və ya ümumi aktivlərin təxminən 42.43%-ni təşkil edən pul vəsaitləri və onların ekvivalentləri formalaşdırıb. Şirkətin balansında kredit portfeli mövcud deyil.
Şirkətin cəmi öhdəlikləri ilin sonunda 882.87 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 54.84% çoxdur. Cəmi kapital isə 1.91 milyon manata yüksələrək 11.65% artıb. Hesabat dövründə səhmdarlara 684 min manat dividend ödənilib. Müqayisə üçün, 2024-cü ildə dividend ödənişi 659 min manat olmuşdu ki, bu da 2025-ci ildə dividend məbləğinin 3.84% artdığını göstərir.
Xatırladaq ki, “Baker Tilly Audit Azərbaycan” QSC 2005-ci ildə təsis edilib və audit, mühasibat, vergi, konsaltinq və digər peşəkar xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 2 min manatdır. Ən böyük səhmdar 89.7% payla Vəliyev Samir Sədədin oğludur. Digər səhmdarlar Səfərəliyev Rüstəm Rəşad oğlu (5.15%), Bədəlov Ramil Zakir oğlu (1.05%), Hacıyeva Nərmin Səhrab qızı (2.05%) və Nəsirov Ziya Namus oğlu (2.05%)dur. Şirkət həmçinin təlim fəaliyyəti göstərən “Baker Tilly Academy” MMC-də 90% paya malikdir.







