Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanla qaz sazişinin birtərəfli qaydada ləğv edilməsi (denonsasiyası) ehtimalı barədə məsələni korporativ mövzu adlandıraraq rəsmi İrəvanı birbaşa "Qazprom"a yönləndirib.
Musavat.com xəbər verir ki, Peskov jurnalistlərin Ermənistana güzəştli qaz tədarükü haqqında müqavilənin ləğvinin həqiqətən müzakirə edilib-edilməməsi ilə bağlı sualına cavab verərkən bu mövzuda məlumatsız olduğunu bildirib.
Kremlin rəsmi sözçüsü vurğulayıb ki, hazırda qüvvədə olan güzəştli qiymətlər həm qaldırıla, həm də endirilə bilər: "Orada güzəştli qiymət var, o, yüksək də ola bilər, aşağı da ola bilər və yenidən baxıla bilər, korporasiyalar da bu məsələni qaldıra bilərlər. Bu, tamamilə korporativ bir məsələdir, buna görə də birbaşa "Qazprom"a müraciət etmək lazımdır".
Moskvadan gələn bu açıqlama Ermənistanın Aİ-yə doğru addımlarına qarşı Rusiyanın qaz kartından istifadə edə biləcəyi barədə iddiaları daha da alovlandırıb.








