"Diqqətli olun! 22 may 2026-cı il tarixində Kapital Bankın Səbail filialından ABŞ dolları almışdım..." "DİA-AZ" xəbər verir ki, bu barədə Vüsal Əzimov adlı sosial şəbəkə istifadəçisi özünün paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "25 may tarixində həmin vəsaitlə ABB filiallarının birində tranzaksiya əməliyyatı edərkən kassada çalışan əməkdaş 100 dollarlıq əskinaslardan birinin defektli olduğunu və pulsayma cihazının həmin əskinası tanımadığını bildirdi. Bu səbəbdən əskinas qəbul edilmədi.
Bununla bağlı yenidən Kapital Bankın Səbail filialına müraciət etdim. Əvvəlcə mənə bildirildi ki, bankdan verilən bütün vəsaitlər cihaz vasitəsilə yoxlanılır və problemli əskinasın onlardan verilməsi mümkün deyil. Hətta “başqa pullarla qarışdırmış ola bilərsiniz” deyildi.
Mən isə pulu ayrıca saxladığımı və heç bir başqa vəsaitlə qarışdırmadığımı izah edib qəbzi təqdim etdim.
Daha sonra əməkdaş araşdırma apardıqdan sonra həmin problemli əskinasın həqiqətən də mənə onların filialı tərəfindən verildiyini təsdiqlədi. Lakin bunun necə baş verdiyini izah edə bilmədilər.
Bu hadisə mənim üçün ciddi vaxt itkisi, stress və narahatlıq yaratdı. Ən narahatedici məqam isə belə problemli əskinasların başqa insanlara da verilə bilməsidir.
"Kapital Bank"dan və ümumiyyətlə hər hansı bankdan xarici valyuta alarkən diqqətli olun, əskinasları yerindəcə yoxlayın və mütləq qəbzləri saxlayın..."









