Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qiymətləndirmələr davam edir.
V.Bayramov qeyd edib ki, hökumət tərəfindən bu istiqamətdə konsepsiyanın işlənməsi ilə bağlı da intensiv şəkildə fəaliyyətlər həyata keçirilir: “İlkin rəsmi məlumatlara görə, konsepsiyanın qəbul edilməsi 100 mindən artıq qeydiyyatsız evin daha qısa zaman ərzində çıxarışla (kupça) təmin olunmasına imkan verəcək. Biz də bu sahədə prosesin sürətlənməsini təklif edirik. Çünki nəticədə bu bir tərəfdən uzun müddət müzakirə edilən qeydiyyatsız evlərin sənədləşdirilməsini, digər tərəfdən, həmin evlərin mülkiyyət hüquqlarının tanınmasına şərait yarada bilər”.
Qeyd edək ki, Azərbaycanda minlərlə insan illərdir yaşadıqları evlərə və torpaqlara dair çıxarış (kupça) ala bilmədiyi üçün hüquqi qeyri-müəyyənlik içində yaşayır. Xüsusilə sovet dövründə vətəndaşlara ayrılmış torpaq sahələrinin sonrakı taleyi, qanuni statusu illərlə həll olunmamış qalırdı.
İndi isə ilkin mərhələdə 100 min ailəyə sevinc yaşadılması real görünürmü?
Liberal iqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İlkin mərhələdə 100 min ailənin sənədsiz evlərlə bağlı probleminin həll olunması nəzəri baxımdan real görünür. Çünki Azərbaycanda uzun illər ərzində formalaşmış bu problem əsasən eyni xarakterli hallardan ibarətdir - sovet dövründə ayrılmış torpaqlar, vaxtilə icra hakimiyyətlərinin verdiyi qeyri-rəsmi razılıqlar, eləcə də sənədləşmə prosesində yaranmış boşluqlar. Dövlət siyasi qərar verdiyi halda müəyyən kateqoriyalara aid evlərin sürətlə leqallaşdırılması mümkündür.
Hazırda ölkədə 600 mindən çox sənədsiz tikili var. Amma reallıqda prosesin tam sürətli getməsi bir sıra çətinliklərlə üzləşə bilər. Əsas problem ondan ibarətdir ki, bütün sənədsiz evlər eyni statusda deyil. Bəzi evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda, bəziləri kommunikasiya xətlərinin, neft-qaz borularının, yüksək gərginlikli elektrik xətlərinin və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan ərazilərin üzərində tikilib. Bu tip evlərin hamısına çıxarış verilməsi hüquqi və texniki baxımdan mümkün olmaya bilər".
İqtisadçı əlavə edib ki, digər məsələ arxiv və torpaq məlumatlarının natamam olmasıdır: “Bir çox hallarda torpağın əvvəlki sahibi, təyinatı və sərhədləri ilə bağlı məlumatları tam olmur. Bu isə sənədləşmə prosesini ləngidə bilər. Eyni zamanda korrupsiya və bürokratik maneələr də risk olaraq qalır. Əgər proses tam rəqəmsallaşdırılmasa və şəffaf aparılmasa, yenə də vətəndaşların əlavə problemlərlə üzləşməsi mümkündür.
Eyni zamanda qanunsuz tikililərin leqallaşması yeni sənədsiz tikililərin yaranmasını stimullaşdıra bilər. Ona görə də bu istiqamətdə nəzarət gücləndirilməli və sənədli tikililərin yaranmasını asanlaşdırılmalıdır".
Akif Nəsirli dünya təcrübəsinə istinad edərək analoji problemlər yaşanan ölkələrin adını açıqlayıb: “Türkiyə, Gürcüstan, Braziliya və bəzi Şərqi Avropa ölkələri müəyyən mərhələlərdə sənədsiz yaşayış massivlərinin leqallaşdırılması proqramları həyata keçiriblər. Əksər hallarda dövlətlər tam söküntü yolunu deyil, sosial və iqtisadi reallığı nəzərə alaraq mərhələli leqallaşdırma modelini seçiblər. Çünki milyonlarla insanın illərlə yaşadığı evlərin hüquqi status almaması həm sosial narazılıq yaradır, həm də iqtisadi dövriyyəyə mane olur.
Əgər Azərbaycanda da proses düzgün hüquqi mexanizmlərlə və aydın meyarlarla aparılsa, bu addım həm vətəndaşların mülkiyyət hüququnun tanınmasına, həm daşınmaz əmlak bazarının genişlənməsinə, həm də bank kreditləşməsinin artmasına müsbət təsir göstərə bilər. Ancaq bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi də real görünmür".








