“Qurbanlıq bayramı 3 gündən ibarətdir. Bu gün qurban kəsə bilməyən insanlar sabah və biri gün də kəsə bilərlər. Məkkədə qurbanlıq vacibdir, bölgələrdə vacib deyil, müstəhəbdir. Yəni savabı çoxdur. Həcc ziyarəti edən şəxs mütləq qurban kəsməlidir. Kəsməsə boynuna kəffarə gələcək, Həccində problemlər yaranacaq”.
Bunu öz açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli deyib.
O daha sonra əlavə edib:
“Qurbanlıq əti 3 hissədən ibarətdir. Birinci qurban kəsənin özünə, ikinci qonşularına, üçüncüsü isə bacı və qardaşlarına paylanmalıdır. Bu bir ehsandır. İnsan paylaşmanı da ürəkdən, könüldən, cani dildən etməlidir. Qurban ətində bir bərəkət, şəfa var. Bayram sözündə “mən” anlayışı yoxdur, “biz” anlayışı var. Bayram nə vaxt bayram olur? Biz sevinəndə.. Həmrəylik olanda, bir araya gələndə bayram bayram olur. Bu gün mənim qazanım qaynayırsa, qonşunun qazanı da qaynamalıdır. Nə xoş o insanın halına ki, paylaşmağı sevir”.
Hacı Surxay bildirib ki, qurbanı imkanı olan şəxslər kəsməlidir:
“İmkanı olan insanlar qurban kəsməlidir. Bəzi insanlar özünü məcbur edir. İslamda məcburiyyət yoxdur. İslam rahatlaşmaqdır. Ola bilsin ki, insanlar məcburi şəkildə borca, kreditə girir ki, qurban kəssinlər. Əslində bu icazəli deyil. İmkanlı insanlar qurban kəsə bilər. Bir insanın əgər imkanı varsa, heyvan alıb Allah yolunda səmimi qəlbdən kəsməsinin böyük savabı var. İnək, keçi, qoyun və dəvə kəsə bilərlər. İnək təqribən 2 yaş nisbətindədir, qoyun və keçi 1 yaş, dəvə isə 4-5 yaşında kəsilməlidir”.
Moderator.az








