"Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil:
"Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların əldə olunması vacibdir, lakin bundan daha mühüm və məsuliyyətli məsələ şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsidir".
Məktəbin əsas vəzifələrindən biri məhz şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Şəxsiyyətyönümlü təhsil təlim prosesinin mərkəzində şagirdin şəxsiyyətinin, onun potensialının, maraqlarının, qabiliyyətlərinin və ehtiyaclarının inkişafını qoyan təhsil modelidir.
Bu yanaşma, şagirdin sadəcə bilik ötürücüsü deyil, bacarıqlara yiyələnən unikal bir şəxsiyyət kimi formalaşmasını hədəfləyir. Son vaxtlar ekspertlər də məktəblərdə şəxsiyyətyönümlü vətəndaşın yetişdirilməməsi və ya bu prosesin zəif getməsi ilə bağlı fikirlər səsləndirirlər.
Onlar bunu kompleks səbəblərin olması ilə izah edirlər. Son zamanlar baş verən hadisələri nəzərə alsaq, doğrudanmı məktəblər bu gün şəxsiyyətyönümlü vətəndaş yetişdirmir?
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, sabiq təhsil naziri Misir Mərdanov “Cebheinfo.az”-a bildirib ki, bu istiqamətdə elm və təhsil naziri Emin Əmrullayevin fikirləri ilə razıdır:
“Məktəb şəxsiyyət hazırlamalıdır.Mən artıq 14 ilə yaxındır ki, o sistemdən ayrılmışam. Ona görə hazırda məktəblərdə gedən proseslərlə yaxından tanış deyiləm. Ailəmizdə olan uşaqlar da artıq təhsili başa vurublar.
Ona görə mən bu barədə ciddi fikir söyləməkdə çətinlik çəkirəm. Ancaq mən də bir Azərbaycan vətəndaşı kimi arzu edərdim ki, məktəblərdə və təhsil sistemində yalnız müsbət xəbərlər eşidək, pis xəbərlər olmasın”.
Məktəblərdə təlim-tərbiyə ilə bağlı nizamnamənin olmasına gəldikdə, sabiq nazir bildirib ki, Sovet dövründə ali məktəbdə tələbə olub:
“Əsasən müstəqillik illərindən sonra işləmişəm. “Təhsil haqqında” Qanun var. Hər müəssisənin özünün nizamnaməsi və əsasnaməsi var. Orada olan bəndlərin yerinə yetirilib- yetirilməməsinə bu işin içində olan şəxslər fikir bildirsələr, daha yaxşı olardı”.
“Cebheinfo.az”










