“Finans Kredit” BOKT-un xalis mənfəəti 2025-ci ildə 133 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 35% azdır. Şirkətin mənfəətində azalma əsasən vergidən əvvəlki mənfəətin geriləməsi və inzibati xərclərin artımı ilə bağlı olub.
Banker.az bunu BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri illik müqayisədə 1.8% artaraq 744.5 min manata yüksəlsə də, faiz yaradan aktivlər üzrə 47.4 min manat ehtiyat ayrılması və ümumi inzibati xərclərin 23.5% artaraq 320.7 min manata çatması yekun mənfəətə təzyiq göstərib.
BOKT-un xalis faiz gəlirləri illik ifadədə 5.9% artaraq 522.8 min manat olub. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri isə 3.6% azalaraq 475.4 min manata düşüb. Haqq və komissiya gəlirləri 62.2% azalaraq 15.6 min manat, haqq və komissiya xərcləri isə 78.6% azalaraq 4.5 min manat təşkil edib. BOKT-nin cəmi gəlirləri faiz və komissiya daxilolmaları hesabına təxminən 760 min manat səviyyəsində formalaşıb ki, bu da illik müqayisədə 1.8% azalma deməkdir. Eyni dövrdə ümumi xərclər faiz, əməliyyat və vergi xərcləri daxil olmaqla təxminən 580.1 min manata yüksələrək 5.3% artıb. Bu da gəlir-xərc nisbətinin zəifləməsi deməkdir.
“Finans Kredit”in cəmi aktivləri ilin sonunda 2.77 mln. manat olub və illik müqayisədə 20.1% azalıb. Öncəki ilin əvvəlində 3.47 mln. manat idi. Aktivlərin əsas hissəsini təşkil edən müştərilərə verilmiş kreditlər və avanslar 2.52 mln. manata düşərək 16.3% geriləyib. Kredit portfelinin ümumi aktivlərdə payı təxminən 91% təşkil edib. Pul vəsaitləri və onların ekvivalentləri isə 74.3% azalaraq 34 min manata enib.
Kredit təşkilatının cəmi öhdəlikləri illik müqayisədə 34.4% azalaraq 1.58 mln. manat təşkil edib. Borc alınmış vəsaitlər 43.6% azalaraq 894.1 min manata düşüb. Bunun fonunda cəmi kapital 12.5% artaraq 1.19 mln. manata yüksəlib. Bölüşdürülməmiş mənfəət isə 67.8% azalaraq 133.7 min manat təşkil edib. Şirkət 2024-cü ildə 53 min manata yaxın dividend ödədiyi halda, 2025-ci ildə dividend ayırmayıb. Nizamnamə kapitalı isə əlavə kapital qoyuluşları hesabına 64.6% artaraq 1.06 mln. manata çatıb.
Əlavə edək ki, 2025-ci ilin dekabr ayında aparılan nəzarət tədbirləri zamanı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, həmçinin kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən BOKT “Finans Kredit” MMC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilmişdi.
Xatırladaq ki, “Finans Kredit” 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-nin səhmlərinin 100% Rəmiyəddin Məmmədov Hüseyn oğluna məxsusdur.










