Bakı Dövlət Sirki 2 ildir öz binasında fəaliyyət göstərmir. Buna səbəb isə 2024-cü ildə FHN-nin yoxlamalarından sonra sirkin binasının təmirə bağlanmasıdır. Həmin vaxt sirkdən saytımıza verilən açıqlamada müəyyən texniki işlər görüldükdən sonra binanın istifadəyə veriləcəyi deyilirdi.
Lakin 2 il keçməsinə baxmayaraq binası hələ də bağlıdır və sirk başqa ünvanda fəaliyyət göstərir. Bu da Bakı Dövlət Sirki üçün yeni binanın tikilib-tikilməyəcəyi barədə suallar doğurub.
Bakı Dövlət Sirkindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sirklə bağlı layihələndirmə işləri gedir:
“2024-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış texniki baxışın nəticələrinə əsasən Bakı Dövlət Sirkinin əsas binasının qəzalı vəziyyətdə olduğu və istismarının təhlükəsizlik baxımından mümkün olmadığı müəyyən edilib. Bununla əlaqədar olaraq, aidiyyəti qərar əsasında binada fəaliyyət dayandırılıb.
Eyni zamanda, sirkin fasiləsiz fəaliyyəti və müasir standartlara cavab verən yüngül konstruksiyalı şapito formatında davam etdirilməsi təmin olunub. Sözügedən model qısa müddətdə geniş tamaşaçı auditoriyasının marağını qazanıb, xüsusilə uşaqlar üçün cəlbedici mədəni məkan kimi formalaşıb.
Hazırda Bakı Dövlət Sirkinin fəaliyyətinin yenidən təşkili istiqamətində layihələndirmə işləri həyata keçirilir. Prosesin növbəti mərhələləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.









