"İranın cənub qonşuları bilməlidirlər ki, əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər".
Bunu "Tehran Times" qəzetində İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvi xalqa müraciətində bildirib.
"Əgər bundan sonra düşmən səhv addım atıb bu təmiz torpağa təcavüz edərsə, bu dəfə hədəfimiz sizin dediyiniz yer olacaq", - Musəvi müraciətində qeyd edib.
Göründüyü kimi, SEPAH yenə sağa- sola hədə yağdırır. Bu mesaj İran İnqilab Keşikçiləri Korpusu tərəfindən region ölkələrinə açıq xəbərdarlıq kimi qiymətləndirilə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran ABŞ-yə birbaşa zərbə endirmək imkanlarının məhdud olduğunu nəzərə alaraq, alternativ hədəflərə yönəlir:
"Son müharibə zamanı İranın körfəz ölkələrinə raket və dron zərbələri göstərdi ki, yenidən münaqişə olarsa, Tehran bu ölkələri hədəf alacaq. Çünki ABŞ məsafə baxımından uzaqda yerləşdiyindən, ona birbaşa raket zərbələrinin endirilməsi praktik baxımdan mümkün deyil.
Bu səbəbdən Amerikanın körfəz regionundakı müttəfiqlərinin yenidən hədəfə çevrilməsi ehtimalı yüksəkdir və SEPAH generallarının açıqlamaları da məhz bu ölkələrə işarə edir".
Politoloq əlavə edib ki, son müharibədə ən çox zərbə alan ölkələrdən biri də məhz Birləşmiş Ərəb Əmirlikləridir:
"Hətta bəzi hallarda İranın bu ölkəyə endirdiyi zərbələrin miqyası İsraillə müqayisədə daha geniş olub. Yəni İsraildən daha çox İran oraya zərbə vurdu.
Əlbəttə, bu, narahatedici faktdır, körfəz ölkələrində çox ciddi narahat edir. Məhz bu səbəbdən körfəz ölkələri yeni müharibənin başlamasını istəmir və məsələlərin danışıqlar yolu ilə həllinə üstünlük verirlər".
Elxan Şahinoğlu vurğulayıb ki, Pakistan da danışıqların bərpasında maraqlıdır:
"Pakistan bir dəfə ev sahibliyi etdi, amma danışıqlar uğurla nəticələnmədi. Buna baxmayaraq, Pakistan yenidən İslamabadı görüş məkanı kimi təklif edib. Tərəflər prinsip etibarilə razılaşsalar da, hələlik görüş baş tutmayıb.
Çünki İran tərəfi görüşə gəlmədi. Belə iddia etdi ki, ABŞ-dən ziddiyyətli açıqlamalar gəlir. Bu şəraitdə görüşə qatılmağın məqsədəuyğun olmadığını bildirdi.
Bu vəziyyət Pakistanı da bir qədər çətin vəziyyətə saldı. Çünki Pakistan çox çalışır ki, İslamabadda uğur qazanılsın. Eyni istiqamətdə Çin də səylərini davam etdirir.
Amma Çin və Pakistanın istəyində asılı olmayaraq, əgər danışıqlar baş tutmaz və irəliləyiş əldə olunmazsa, bölgədə gərginliyin yenidən artması və körfəz ölkələrinin hədəfə çevrilməsi ehtimalı daha da yüksəlir".









