Azərbaycanda son vaxtlar boşanmaların sayı artmaqda davam edir.
Artıq bu hal ölkə əhalisi arasında narahatlıq yaradır. Müğənni Eldəniz Məmmədovun boşanmalarla bağlı səsləndirdiyi “Türkiyədəki boşanma ilə bağlı cəza Azərbaycanda da tətbiq edilməlidir. Sevgi azalır, boşanmaların sayı çoxalır. Sevgi olsa, boşanmazlar. Sosial şəbəkədə tanışlıq artıb.
Türkiyədə qanun var ki, ayrılanlar dövlətə 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir” fikri ciddi rezonans doğurub. Bu fikir hüquqşünaslar və digər sahə nümayəndələri arasında narazılıq yaradıb, insanların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilib.
Eldənizə öz həmkarlarından da cavab verilib. Müğənni Elnar Xəlilov “Cebheinfo.az”-a bildirib ki, o, bu istiqamətdə başqa tədbirlərin görülməsini istərdi:
“Boşanarkən uşaq və ya uşaqlar yetkinlik yaşına çatmayıbsa, hər iki valideynin əlindən uşaq alınaraq sığınacağa yerləşdirilsin və hər valideyndən aliment olaraq gəlirlərinin 4/1 hissəsi tutulsun.
Əgər valideynlərdən hansısa biri işləmirsə, minimal məbləğ müəyyən edilərək tutulması təmin edilsin. Tutulan məbləğ uşağın və ya uşaqların gələcəyinə, təhsilinə və digər xərclərinə sərf olunsun. Bir ailədə boşanma baş verirsə, o ailənin bünövrəsi dağılıb.
Bir ailədə bünövrə dağılarsa, divarlar uçar və uçmuş divarların altında da uşaqlar qalar. Cəmiyyət olaraq boşanmaların 90 faizi dolanışıq, keçimsizlik və bunabənzər səbəblərdən baş verir.
Yaxşı dolanan ailələri bir-birinə misal çəkərək evliliklərinin təməlini sarsıdan ailələrin şahidi oluruq. Mənim çözümüm budur ki, ailələr boşansa belə, “mən həm ana, həm ata olacağam” demək kifayət etmir.
Yaşanılan təcrübələrdən açıq-aşkar görünür. Məsələn, Xoşqədəm, Lalə Azərtaş, Elgiz, Zaur Baxşəliyevin proqramlarından görünür ki, heç də hər zaman belə olmur. Sonda travma alan övladlar olur”.
Müğənni qeyd edir ki, hər iki şəxs veriləcək cəzanın ciddiliyinin fərqində olsa, illərlə “balam üçün etdim”, “övladıma görə dözdüm” kimi cümlələrin arxasında gizləndiklərinin fərqinə varar:
“Real övladını düşünən valideyn veriləcək bu obyektiv cəza ilə tam razı olmalıdır. Çünki verilən boşanma qərarı hər iki şəxsin həyatına təsir edəcək, uşaqlar isə bütün günü dalaşan ata-anadan qurtularaq sağlam gələcək və sağlam təhsil ala biləcəklər. Xərclər aidiyyəti qurumun hesabına köçürülsün və həmin hesabdan icra nümayəndəsinin vasitəsilə uşaqlara xərclənsin. O zaman baxın, bir ailə boşanarmı?”









