Ermənistan parlamentinin növbəti iclası hakimiyyət və müxalifət arasında kəskin ittihamlarla yadda qalıb. Mübahisənin mərkəzində isə tanınmış rusiyalı təbliğatçı Vladimir Solovyovun Ermənistana qarşı hərbi əməliyyat çağırışları və müxalifətin buna münasibəti dayanıb.
Musavat.com xəbər verir ki, parlamentin vitse-spikeri Ruben Rubinyan müxalifəti ölkənin daxili işlərinə xarici müdaxiləni dəstəkləməkdə günahlandırıb.
Müxalifətin "hakimiyyət repressiyalara əl atır" ittihamlarına cavab verən Rubinyan ironik şəkildə bildirib:
"Biz kimə qarşı repressiya edirik? Ermənistana qarşı hərbi əməliyyat keçirməyə çağıran Solovyova qarşımı? Siz zarafat edirsiniz? Əminəm ki, Solovyovun bu bəyanatı müxalifətin 100 faiz xoşuna gəlib".
Rubinyan son 5 ildə müxalifətin "təkamülünə" təəccübləndiyini qeyd edərək, onların artıq maskalarını tamamilə düşürdüklərini vurğulayıb. O bildirib ki, əvvəllər müxalifət nümayəndələri xarici müdaxiləyə loyal olduqlarını gizlətməyə çalışırdısa, indi bunu açıq şəkildə nümayiş etdirirlər:
"İnsanlar axmaq deyil, onlar başa düşürlər ki, siz Ermənistanın suverenliyinə qarşı olan bu cür xarici müdaxilələrin birbaşa benefisiarlarısınız".
Qeyd edək ki, bu gərginlik fonunda Ermənistan rəsmiləri Rusiya telekanallarının yayımına nəzarətin gücləndirilməsi və dövlətin informasiya təhlükəsizliyinin qorunması məsələsini yenidən gündəmə gətiriblər.









