Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.comxəbər verir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,6% arıb.
Bu ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,1%-i (2 milyard 600,5 milyon manat) ərzaq məhsullarının, 4,9%-i (258,7 milyon manat) içkilər və tütün məmulatlarının, 14,4%-i (760,9 milyon manat) toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i (303 milyon manat) avtomobil benzini və dizel yanacağının, 4,5%-i (239,2 milyon manat) elektrik malları və mebellərin, 2,7%-i (141.1 milyon manat) əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5%-i (81,1 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 515,7 manatlıq, o cümlədən 278,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237,1 manatlıq qeyri-ərzaq malları alıb.









