106 FM radiosunun efirində Eros Ramazzottinin erməni əsilli müğənni Şer ilə səsləndirdiyi mahnının yayımlanması ictimai narazılığa səbəb olub.
Bu barədə KONKRET.az-ın redaksiyasına müraciət daxil olub. Müraciətdə qeyd olunur ki, musiqinin milləti və sərhədi olmasa da, Şerin türklərə qarşı açıq düşmənçilik mövqeyi sərgiləməsi nəzərə alınmalıdır. Dinləyici bildirib ki, bu cür ifaların efirdə səsləndirilməsi şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul olunur.
“106 FM-də bu tip mahnıların yayımlanması narahatlıq doğurur. Vaxtilə bədii şuralar verilişlərin məzmununa, musiqi seçiminə ciddi nəzarət edirdi. İndi isə belə görünür ki, bu mexanizmdən istifadə olunmur. Sabah bu tip başqa ifalar da səsləndirilə bilər. Axı bizim öz milli musiqilərimiz kifayət qədərdir”, – deyə müraciətdə vurğulanıb.
KONKRET.az məsələ ilə bağlı “Azad Azərbaycan” telekanalının Media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, mahnı efirə əsas ifaçı, tanınmış italiyalı müğənni Eros Ramazzottinin ifasında səsləndiyi üçün daxil edilib:
“Eros Ramazzotti bu mahnının həm müəllifi, həm də əsas ifaçısıdır. Yəqin ki, söhbət mahnıda yer alan ikinci səsdən gedir. Araşdırmadan sonra nəzərdə tutulan duet formatlı versiya radionun play-listindən çıxarılıb”.
Açıqlamada o da qeyd olunub ki, radioda səsləndirilən musiqilərin seçimi bu sahədə uzun illər təcrübəsi olan redaktorlar tərəfindən həyata keçirilir.









