Ötən həftə Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etdi. Bu o deməkdir ki, İttifaq ərazisində SEPAH-a məxsus qurum və təşkilatların, habelə yüksək rütbəli şəxslərin hesabları dondurulur, ticarət və sair fəaliyyətləri qadağan olunur.
Analoji addımı 2019-cu ildə ABŞ hökuməti atıb. Vaşinqtonun addımı SEPAH-ın Yaxın Şərq regionunda proksi qüvvələri dəstəkləməsi, silah və digər yardımlar etməsi ilə izah olunurdu. Qeyd edək ki, SEPAH-ın xarici əməliyyatlar qanadı olan "Qüds briqadası" Yaxın Şərq və Şimali Afrikada qeyri-dövlət (əsasən) hərbi-siyasi qüvvələri silahlandırması, təlimlər keçməsi və burada xüsusi əməliyyatlar təşkil etməsi ilə tanınıb.
Musavat.com-a görə, Avropa İttifaqının SEPAH haqqında bu qərarı qəribə də olsa, ABŞ-la bağlı idi. Daha doğrusu, ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyat hazırlıqları ilə əlaqədar idi. Bu qərarla Aİ prezident Trampı fakt qarşısında qoymaq, onu İrana qarşı hərbi əməliyyata təşviq etmək məqsədi güdür. SEPAH-ın terror təşkilatı olaraq tanınması ABŞ-ın İrana qarşı əməliyyatlarını müəyyən mənada Avropa nəzərində legitimləşdirir. Çünki Qərb rəsmiləri bildirir ki, İranda etirazları yatıran əsas qüvvələr SEPAH hərbçiləri olub. ABŞ-ın İrana qarşı planlanan əməliyyatlarının əsas hədəf və məqsədlərindən biri də etirazları zorakılıqla yatıran hərbi birləşmələrə zərbə endirməkdir. Bəs bu qurumu hədəfə çıxaran nədir? Nədən SEPAH indi İranla bağlı qərarların mərkəzində yer alır?
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH Pasdaran Enqelabi Eslami), qısaca SEPAH, İranda İslam inqilabından bir neçə ay sonra — 1979-cu il mayın 5-də yaradılıb. Yeni qələbə qazanmış İslam inqilabını qorumaq, əks-inqilabi qüvvələrə qarşı mübarizə və geniş perspektivdə İslam inqilabı ideyalarının yayılması SEPAH-ın əsas hədəfləridir. Bu mənada SEPAH yalnız bir silahlı birləşmə deyil, ideoloji, təbliğat və sair sahələrdə inqilab ideyalarını qorumaq və yaymaq üçün strukturlaşmış təşkilatdır. Bu təşkilatın bazasını isə İranda inqilab komitələri təşkil edirdi. Belə demək olarsa, o zaman inqilab liderləri orduya tam etibar etmirdi. Eyni zamanda ideoloji-hərbi bir quruma ehtiyac hiss edirdilər.
İslam Respublikasının Konstitusiyasının 150-ci maddəsində qeyd olunduğu kimi, SEPAH “inqilab və onun uğurlarını qorumağa məsul” bir təşkilatdır.
İnqilab Keşikçiləri birbaşa inqilab rəhbəri, yəni ölkənin ali dini lideri — Vəliyyi-Fəqihə tabedir. Eyni zamanda bütün digər hərbi birləşmələrdə olduğu kimi, burada da ruhani təmsilçi var. SEPAH İran–İraq müharibəsində, həmçinin 1980–81-ci illərdə baş vermiş kürd üsyanlarının yatırılmasında iştirak edib.
1982-ci ildə İnqilab Keşikçiləri Nazirliyi yaradılır və paralel olaraq “Bəsic”, yəni “İnqilab könüllüləri” təşkilatı formalaşdırılır. Bəsic könüllüləri SEPAH-ın ictimai drujinaları hesab olunur və ölkədəki məscidlərdə qeydiyyata alınmış islamçı könüllülərdir. 1985-ci ildə SEPAH özünün ilk hərbi akademiyasını, bir il sonra “İmam Hüseyn Universiteti”ni, sonrakı illərdə isə Tibb Elmləri Universitetini yaradıb.
1980-ci illərin ikinci yarısında SEPAH hərbi birləşmə olaraq daha da böyüyüb, hava (hazırda Hava-Kosmik Qüvvələr) və dəniz qüvvələri yaradılıb. Və ən əsası, paralel olaraq SEPAH-ın öz təhlükəsizlik və kəşfiyyat idarəsi formalaşdırılıb və əslində İranda əsas kəşfiyyat və təhlükəsizlik fəaliyyətlərini bu qurum həyata keçirir.
1990-cı illərdə dini lider Ayətullah Xameneinin dəstəyi ilə, xüsusən də “islahatçı” Məhəmməd Xatəminin prezidentliyi dövründə (1997–2005-ci illər) SEPAH daha da güclənib. Bu dövrdə SEPAH İran sərhədlərindən kənarda — Livan, Fələstin, İraq, Suriya, Yəmən, Əfqanıstan, hətta Bosniya-Hersoqovinaya qədər fəaliyyət sərhədlərini genişləndirib.
Ölkə daxilində isə SEPAH-ın təsir dairəsi təhsildən inşaata, mediadan sənayeyə qədər genişlənib. Bu dövrdə İranda iqtisadiyyatın yarıya qədəri iri “bonyadlar” (vəqflər) vasitəsilə “keşikçilərin” nəzarətində olub. Hazırda SEPAH-ın bankları, televiziya, qəzet və saytları fəaliyyət göstərir. Həmçinin SEPAH və onun Bəsic qüvvələri hökumət əleyhinə etirazların yatırılmasında iştirak edir.
Hazırda davam edən ABŞ–İran gərginliyi fonunda SEPAH yenidən əsas aktor olaraq gündəmdədir. Bəzi Qərb analitiklərinə görə, ABŞ İranda xaos yaratmağa çalışarsa, SEPAH hakimiyyəti ələ keçirə və ölkədə qapalı hərbi rejim formalaşa bilər.
Lakin SEPAH öz legitimliyini ali dini rəhbərlik məqamından — Vəliyyi-Fəqihdən — aldığı üçün birbaşa çevriliş ehtimalı zəif qiymətləndirilir. Buna baxmayaraq, uzunmüddətli hərbi gərginlik fonunda SEPAH-ın dövlət idarəçiliyində təsir imkanlarının daha da genişlənəcəyi istisna edilmir.
Musavat.com









