Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəa Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisidir.
"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində danışıb.
"Hazırda sözün əsl mənasında mübahisə etdikləri təqribən 30-50 kilometrlik bir ərazi və Donetsk vilayətinin 20%-i (Ukraynanın nəzarəti altında) qalır. Biz anlamağa çalışdıq və hesab edirəm ki, biz müəyyən irəliləyiş əldə etdik, ukraynalılar nə ilə yaşaya bilər, onların gələcək təhlükəsizliyinə nə zəmanət verəcək", - Rubio bildirib.
Qeyd edək ki, dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə 5 saatdan çox davam edən görüşü baş tutub.
Əsas mövzu Ukraynada nizamlanma olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Amerika sülh planının dörd sənədində yer alan təkliflərin mahiyyəti müzakirə olunub.








