Azərbaycanın 2020-ci ildə qazandığı şanlı Qələbənin 5 illiyi yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımız tədbirlər hazırlayır. Bu mərasimlər şəhidlərimizin ruhuna ehtiramın, xalqımızın milli birliyinin və haqq işimizin qürurla yad edilməsinin göstəricisidir. Lakin məhz bu məqamda Kremlə bağlı dairələr, rus mediasındakı şovinist qüvvələr açıq informasiya savaşı aparmağa başlayıblar. Məqsəd dəyişməzdir: Azərbaycanın diaspor gücünü zəiflətmək, haqq səsini susdurmaq və Rusiyanın imperialist mövqelərini qorumaq.
Kremlə bağlı “Mnoqonatsional” kanalının yaydığı son paylaşım bunun bariz nümunəsidir. Onlar iddia edirlər ki, guya Sankt-Peterburqda Azərbaycan diasporu “icazəsiz aksiyalara” hazırlaşır, tədbir “millətlərarası qarşıdurma” yaradacaq. Hətta Azərbaycanın Xarici İşlər Nazirliyi barədə əsassız uydurmalar ortaya atılır. Əslində isə söhbət sadəcə anım mərasimindən, ümummilli lider Heydər Əliyevin barelyefinə gül qoyulmasından və diplomatların vətənpərvərlik çıxışlarından gedir. Yəni Kreml təbliğatı ən sadə tədbiri belə “təhlükə” kimi qələmə verməyə çalışır.
Bu, Moskvanın köhnə taktikasının təkrarıdır. SSRİ dövründə də azərbaycanlıların milli kimliyini ifadə edən hər bir addım “millətçilik” damğası ilə susdurulurdu. İndi də həmin siyasət davam edir, sadəcə yeni formatda – saxta xəbərlər, təxribat xarakterli materiallar, “icazəsiz aksiya” damğaları ilə. Kreml bilir ki, Azərbaycanın diaspor gücü artıq Rusiya daxilində də ciddi nüfuza sahibdir. Bu güc nəzarətdən çıxır və Moskvanın köhnə imperiya təfəkkürünə sığmır.
Rus təbliğatı ənənəvi “erməni kartı”ndan da istifadə edir. İddia olunur ki, guya erməni diasporu Azərbaycanın tədbirindən narahat olacaq və bu, qarşıdurma yaradacaq. Halbuki, bu, tamamilə manipulyasiyadır. Azərbaycan diasporunun məqsədi heç vaxt qarşıdurma olmayıb, ola da bilməz. Əksinə, diaspor təşkilatlarımız daim sülh, tolerantlıq və əməkdaşlıq mesajları verib. Amma Kreml bu həqiqəti bilərəkdən təhrif edir, çünki rus şovinizminin ən böyük silahı “təxribat qorxusu” yaratmaqdır.
Rusiyanın uydurmaları Azərbaycanın diplomatik nümayəndələrini də hədəf alır. Guya səfirimiz və konsulumuz “icazəsiz aksiyalara” qoşulurlar. Bu, sadəcə absurddur. Azərbaycanın diplomatik missiyaları beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir, heç bir ölkənin qanunlarını pozmur. Tədbirlər rəsmi, açıq və şəffaf şəkildə keçirilir. Moskvanın irəli sürdüyü bu tip yalanlar yalnız bir şeyi göstərir: Rusiya Azərbaycanın diaspor gücündən qorxur və bu gücü gözdən salmağa çalışır.
Əslində bütün bu isterika Rusiyanın zəiflədiyinin göstəricisidir. Moskva artıq postsovet məkanında təsir imkanlarını itirir. Azərbaycan isə öz haqq səsini həm regionda, həm də dünyada daha gur səsləndirir. Türk dünyası ilə inteqrasiya, Türkiyə ilə strateji müttəfiqlik və diaspor gücümüzün artması Kremlin əsəblərini tarıma çəkib. Ona görə də informasiya savaşı, saxta xəbərlər və təxribat kampaniyaları gündəmə gətirilir.
Amma nə qədər cəhd etsələr də, Azərbaycan diasporunu susdura bilməyəcəklər. Qarabağda qazandığımız Qələbə sadəcə bir hərbi zəfər deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu qələbənin ildönümü dünyanın harasında azərbaycanlı yaşayırsa, orada qeyd olunacaq. Şəhidlərimizin xatirəsinə hörmət və qürur hissi heç bir təbliğatla ləkələnə bilməz.
Kreml yalanlar uydura bilər, erməni diasporunu bəhanə edə bilər, saxta “qarşıdurma ssenariləri” qura bilər. Amma həqiqət dəyişməzdir: Azərbaycan qalib dövlətdir, diasporu güclənir, türk dünyası ilə birliyi möhkəmlənir. Rusiya isə köhnə imperiya düşüncəsi ilə informasiya savaşına əl ataraq öz zəifliyini gizlətməyə çalışır.
Heç bir təbliğat Azərbaycanın haqq yolunu, diasporumuzun qürurunu və xalqımızın qazandığı Qələbəni kölgələyə bilməyəcək.
Musavat.com