“Ermənistanda yeni Konstitusiyanın qəbulu ən mühüm institusional məsələdir”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir yeni Konstitusiyanın qəbulunu demokratiyanın inkişafı yolunda ən mühüm islahat hesab edir: "Həyata keçirməli olduğumuz islahatlar yeni Konstitusiyanın qəbul edilməsidir ki, bu da, yeri gəlmişkən, xalqla hüquq sistemi arasında üzvi əlaqə yaratmalıdır. 1995-ci ildən bəri xalqın 50+1 faizi heç bir konstitusiya referendumuna getməyib və mövcud Konstitusiyamızın lehinə səs verib". Paşinyan əlavə edib ki, Ermənistandakı bugünkü hüquq sistemi Ermənistan xalqına nifrət bəsləyir: "Konstitusiya nədir? İnsanlar seçki məntəqəsinə gedib öz səsləri ilə müəyyən edirlər, notarial qaydada təsdiqlənirlər ki, biz ölkədə necə yaşayacağıq. Hesab edirəm ki, bu islahatlar olmadan baş nazir də daxil olmaqla, bu problemləri həll edə bilmərik". Ermənistanda məhkəmə sistemi xalqdan qaynaqlanmır, xalqla məhkəmə arasında əlaqə kəsilib: "Nəhayət, bu problemdən qurtulmalıyıq. Bu məsələni həll etməyincə, bir çox fundamental məsələləri həll edə bilməyəcəyik". Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl də yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi. Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, hazırda sənəd layihəsi hazırlanır. Ötən gün Azərbaycan XİN-in bəyanatında da vurğulanıb ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir: "Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir".
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a deyib ki, tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında ərazi iddialarına dair müddəalar çıxarılmalıdır. Deputatın sözlərinə görə, bu, haqlı və beynəlxalq hüquqa əsaslanan bir tələbdir:
"Söhbət təkcə Ermənistan konstitusiyasından getmir. Konstitusiyanın preambula hissəsi ilə yanaşı, həmin ölkənin Müstəqillik Aktında da "Qarabağın Ermənistan ərazisi olması" ilə bağlı iddia qalmaqdadır. Özü də bu iddialar sadəcə Azərbaycana qarşı deyil. Ermənilər qardaş Türkiyə ərazilərinə də iddialıdır. Əgər İrəvan hökuməti Türkiyənin 6 vilayətinə iddialı olmadığını rəsmi bəyan edirsə, bununla bağlı maddələrin qanunvericilikdən atılması mütləqdir. Əslində, Ermənistanda uzun müddətdir tamamilə yeni Konstitusiyanın qəbul edilməsi müzakirə olunur. Paşinyan bununla bağlı erməni ictimaiyyətinə davamlı mesajlar verir, reallıqları izah edir. Baş nazir hələ 2020-ci ildə Konstitusiyanın dəyişdirilməsi məqsədilə ayrıca bir Şura formalaşdırılması barədə sərəncam imzalamışdı. Ötən günlərdə həmin Şuranın yaradıldığı, işçi qrupun formalaşdığı və fəaliyyətə başladığı deyildi".
Parlament üzvü hesab edir ki, Paşinyanın erməni cəmiyyətinə ötürdükləri kifayət qədər ciddi mesajlardır:
"Baş nazir Konstitusiyada hansısa maddələrin dəyişdirilməsindən daha çox qanunvericiliyin kökündən təzələnməsini istəyir. Paşinyan bu istəyini onunla əlaqələndirir ki, mövcud qanunvericiliklə "real Ermənistan"ın qurulması, ölkənin təhlükəsizliyinin təmin edilməsi qeyri-mümkündür. Hökumət başçısı özü etiraf edir ki, indiyədək Ermənistanın dövlətçilik ənənələri olmayıb. Hər zaman virtual vətən xəyalları ilə aldadılıblar. Paşinyanın başqa etirafları da var. Bütün bunlar bir daha Paşinyanın praqmatik düşündüyünü, sağlam təfəkkürdə olduğunu göstərir. Nəhayət, həm baş nazir, həm də onun komandası qaçılmaz reallığı dərk edir. Ermənistanın regionda dövlət kimi mövcudluğunu qoruyub saxlaması kənar qüvvələrə deyil, məhz sərhədlərinin olduğu Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən asılıdır. Buna nail olmağın, ələlxüsus "real Ermənistan" layihəsini həyata keçirməyin yolu Konstitusiyanı dəyişdirməklə mümkündür".