AzVision.az xəbər verir ki, “Politico” nəşrində dərc olunan materialda belə deyilir.
“Aİ rəsmiləri bildiriblər ki, Ukrayna və Moldovanın birliyə daxil olmasına hazırlıq üzrə texniki iş sürətlə davam edir. Lakin Kiyevin etirazından sonra Kişinyovun daha sürətli hərəkət etməsinə imkan yaratmaq ideyasından imtina olunub. Ukraynanın Aİ-yə üzvlüyünü isə Macarıstan əngəlləyir”, - məqalədə vurğulanır.
Eyni zamanda, Macarıstanın Ukraynanın birliyə daxil olmasına veto qoymasından yan keçmək üçün bəzi Aİ ölkələrinin səsvermədə yekdillik prinsipini ləğv etmək niyyətində olduqları bildirilir.
- Təxminən on ölkə Aİ qaydalarını dəyişdirmək istəyir ki, Kiyev və Kişinyovun hazırda iştirak etdiyi üzvlük danışıqlarının yeni raunduna başlamaq üçün bütün 27 dövlətin razılığı deyil, ölçülüb-biçilmiş səs çoxluğu tələb olunsun. Yekdillik isə aralıq mərhələlərdə yox, prosesin əvvəlində və sonunda zəruri şərt kimi qalacaq”, - qəzet yazır.
Jurnalistlərin iddiasına görə, bu cür tədbirlər ilk növbədə Macarıstanın Ukraynanın Aİ-yə daxil olmasına veto qoyması ilə bağlıdır.
Kiyevin narazılığına görə, Avropa İttifaqı (Aİ) Moldovanın Ukraynanı qabaqlayaraq birliyə qoşulması prosesini sürətləndirməkdən imtina edib. Ukraynanın bu yöndə irəliləməsini isə Macarıstanın mövqeyi saxlayıb.