“Bakıdakı tıxac və ictimai nəqliyyatla əlaqədar problemlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərinə müraciət etdim. “TV1”də müəllifi olduğum "Sualım var" adlı verilişimə ekspertləri, dövlət məmurlarını, deputatları dəvət edirik, sualları verib, cavablarını eşitmək istəyirik. Həmin verilişdə bir çox problemləri həll etmişik. AYNA rəhbərini dəvət etdim. Əfsus ki, heç bir xəbər gəlmədi”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı olmuş Rüfət Quliyev deyib.
“Düşünürəm ki, yaxın günlərdə verilişə nəqliyyat sahəsinə yaxın olan, yol hərəkəti qaydalarını yaxşı bilən ekspertləri dəvət edim. Bu söhbəti açaq, çox maraqlı suallarımız var. Aydınlıq gətirək ki, tıxacların səbəbi nədir? Şəhərin intellektual idarəetməsi sisteminə cənab Prezident on milyonlarla manat pul ayırmışdı. Müəyyən dəyişikliklər oldu. Bu iş bir nazirlikdən başqa nazirliyə verildi. Bir çox işlər görüldü. Bəs sonu nə oldu? Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır. Siqnal verirsən ki, belə problemlər var, izah edin, insanlar da səbəbini bilsinlər. İctimai qınaq bu gün Azərbaycanda ən güclü təsir nöqtələrindən biridir. Bizə izah lazımdır. Bəlkə, elə səbəblər var ki, ictimaiyyət, xalq bilməlidir və nəzərə almalıdır", - o deyib.