“Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək, bu çərçivədə Amerika hərbi qüvvələri Sünik vilayətində (Qərbi Zəngəzur) yerləşdiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Sosial Ədalət Naminə” partiyasının sədri Arman Qukasyan deyib.
“Diplomatik dairələrdən əldə etdiyim məlumata görə, ABŞ-nin “özəl şirkət”inin Sünikdə 1000-ə yaxın əməkdaşının yerləşdirilməsinə bir addım qalıb. Bu, “özəl şirkət”, “investisiya platforması” və ya “logistika operatoru” kimi təqdim oluna bilər, amma mahiyyət etibarilə bu, ABŞ-nin Ermənistanın əsas bölgəsində hərbi mövcudluğu demək olacaq”, - siyasətçi bildirib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşü çərçivəsində imzalana biləcək sənədlə bağlı danışan Qukasyan qeyd edib:
“Cümə ən vacib günlərdən birinə çevrilə bilər. Sənədin adı nə olur-olsun, bu, Ermənistan, Azərbaycan və bütün Cənubi Qafqaz üçün yeni mühüm mərhələ olacaq”.
Partiya sədri regionun gələcəyində Rusiya və İrana yer olmadığını iddia edib: “Cənubi Qafqaz Tehran və Moskva üçün yenidən qurulur. Onların rolu azalır və manevr imkanları məhduddur”.