İstirahət mövsümi açılar-açılmaz insanlar ən uyğun qiymətə səyahət üçün turlara üz tuturlar. Hansısa ölkəyə, ya da rayona getmək adambaşına baha başa gəldiyi halda, tur şirkətləri bunu münasib qiymətə tarazlayırlar. Lakin cibə uyğun qiymətlər heç də həmişə ürəkaçan olmur. Son zamanlar ölkədaxili və xarici turlardan narazılıqlar eşidirik.
Turların verdiyi vədləri yerinə yetirməməsi, otellərin antisanitar, yeməklərin köhnə və dadsız, gəziləcək yerlərin gözləntiləri qarşılamaması barədə şikayətlər var.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, tur şirkətləri ilə bağlı vətəndaşlardan bir çox şikayətlər daxil olur. Bunlar əsasən ölkəxarici turlarla əlaqədard“Turizmin mükəmməl təşkili üçün bir çox amillər var. Birincisi Azərbaycanda fəaliyyət göstərən turist şirkətlərinin xarici partnyorlarla sıx əlaqələri olmalıdır. Turistin səyahətdə gözləntiləri yerinə yetirilmədiyi zaman ödənişin geri qaytarılması mexanizmi olmalıdır. Lakin təəssüf ki, bu cür hallarda işi həll etmək yerinə məhkəməyə yönləndirirlər.
Digər problemlərindən biri də hava limanı şirkətləri ilə bağlıdır. Bu yaxınlarda AİB-ə bu məsələ ilə bağlı şikayət daxil olub. Vətəndaş Türkiyəyə tur şirkəti ilə gedirmiş, lakin uçuşa 55 dəqiqə qalmış o hava limanına çatıb və ona bildirilib ki, qeydiyyat 5 dəqiqə öncə bağlanılıb, artıq heç bir şey edə bilmərik.
Xarici ölkələrdə isə qayda başqadır. Qeydiyyat bağlanan zaman təkcə monitorda göstərilmir, eyni zamanda elan olunaraq, gecikən turistlərin adı çəkilir. Lakin bizdə qayda belə deyil. Uçuşa bir 1 saat qalmasına baxmayaraq, turisti heç kim qeydiyyatdan keçirmir. Halbuki o, yalnız 5 dəqiqə gecikib. Vətəndaş məcburən külli miqdarda pul ödəyərək səhərsi gün üçün bilet alıb.
Bu kimi problemlərdə zərərçəkən yalnız vətəndaş olur. Belə halların yaşanmaması üçün daşıyıcı şirkətlə tur şirkətlərinin sıx əlaqələri olmalıdır”.
Qarşılanmada problemlər
Sədr xaricə turla gedərkən yaşanan digər problem barədə də danışıb:
“Bəzən vətəndaş təyyarədən enir, amma qarşılayanlar, adətən şirkət yaxud şəxs gecikir. Turist əcnəbi ölkədə olduğu üçün haraya, necə getməli olduğunu bilmir. Onu qarşılayan olmadığını görüb, əlavə xərcə düşərək özü getməyə çalışır. Lakin məhz qarşılanmaya görə həmin turist şirkətə ödəniş edib. Sonda isə qarşılanma pulu vətəndaşa ödənilmir.
Gecikən vizalar
Vizaların verilməsində də problemlər çoxdur. Viza verən konsulluqlar şəxsin gedəcəyi yerə vaxtının az qalmasını nəzərə almır. Bu, xüsusən Avropa ölkələrinə səyahət zamanı baş verir.
Ümumiyyətlə xarici turizmdə aldadılma halları çox yaşanır. Bəzən turist lazımi yerə gedib çıxır, lakin görür ki, ona təklif olunan yerlə bura eyni keyfiyyətdə və səviyyədə deyil. Otellər arasında çox fərq olur”.
Yerli turizmdə xidmət səviyyəsi
E.Yaqubov qeyd edib ki, Azərbaycanın şimal bölgəsində səyahət zamanı bir çox məyusluqlar yaşanır:
“Yerli turizmdə mənfi hallar var. Burada xidmət səviyyəsi çox aşağıdır. Şimal bölgəsində həddindən çox bu cür məyusluqlar yaşanır. Qusarın Qayakənd adlanan ərazisində turizm məkanları kifayət qədərdir. Yerli əhali, turistlər, əcnəbilər orada növbəyə düzülürlər. Tələb təklifi o qədər üstələyir ki, heç bir gigiyenadan, xidmətdən söhbət getmir.
Yerli turizmdə nisbətən cənub bölgəsində vəziyyət yaxşıdır. Hacıkənd bərbad vəziyyətdədir. Oradan axan çayda uşaq əskisi yuyan, üzünü təraş edən, qab yuyan - hər cür insan görmək olur.
Mən səyahət zamanı ilk növbədə qab-qacaq yuyulan yerə nəzər salıram. Çox zaman əynində kirli önlük, oturuqlu, əlində çirkli dəsmal olan qadının yemək bişirdiyini, yaxud qab yuduğunu görmək olur. Bu, belə olmamalıdır. Gigiyena bu vəziyyətə qalmamalıdır.
Yerli turizmdə qiymətlər çox bahadır. Mütləq turizmin qiymətləndirilməsi həyata keçirilməlidir. Bu qiymətləndirmədə ulduzlar, dərəcələr verilməli, media və ictimai təşkilatlar iştirak etməlidir. Bu qiymətləndirmə heç bir rüşvətə şərait yaratmamalı, tam tərəfsiz və şəffaf həyata keçirilməlidir. Yalnız bundan sonra oradakı xidmət səviyyəsi əhaliyə çatdırılmalıdır.
Düşünürəm ki, Azərbayanda turizm hələ daha yaxşı inkişaf edə bilər, lakin qiymətlər bahadır, turist şirkətləri təəssüf ki, əhalinin hüquqlarını pozur. Qeyd etdiyimiz bütün detallar insanların telefon zəngləri ilə bizə çatdırdığı məlumatlardır”,-deyə sədr fikrini yekunlaşdırıb.
Bəs bu hallara qarşı özümüzü sığortalamaq üçün tur şirkəti seçərkən nələrə diqqət etməliyik?
Turizm eksperti Cabir Dövlətzadə Lent.az-a açıqlamasında bildirib ki, tur şirkəti seçərkən ilk növbədə təhlükəsizlik və reytinq barədə araşdırma aparılmalıdır:
“İstirahət mövsümi vaxtı bu kimi hadisələr hər il baş verir. Tur operatorları müştəriyə paket satarkən onun büdcəsinə uyğun təkliflər edirlər. Müştəri paketi alarkən gedəcəyi yerlərin nə dərəcədə təhlükəsiz olduğunu həm turizm şirkətindən öyrənməli, həm də özü araşdırmalıdır. Bunun üçün bir çox beynəlxalq saytlar var. Həmin saytlar vasitəsi ilə səyahət ediləcək yerlərin reytinqi barədə məlumat toplamaq mümkündür. Restoranlar, otellər və s. yerlər haqqında “Google”-də “tripadvisor”a daxil olaraq da məlumat almaq olar. Saytın müxtəlif dillərdə versiyaları var. O, gediləcək yer barədə ilkin informasiya toplamaqda faydalıdır.
Tur şirkətlərini seçərkən etibarlıları tapmaq lazımdır. Əsas məsələ gediləcək yerin reytinqini müəyyənləşdirməkdir. Bu gün “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən bir çox tur operatorları qeyri-peşəkar fəaliyyət ilə məşğuldurlar. Onların işi daha çox aldatmaqdır. Vətəndaşlar şirkətlərdən gediləcək yer barədə məlumatları dəqiqləşdirməli, sosial şəbəkələr və onlayn saytlar vasitəsi ilə onların reytinqini müəyyənləşdirməli, yaxşını-pisi görüb, qərar verməlidirlər”,-deyə ekspert fikrini yekunlaşdırıb.