Müxtəlif şəhərlərdən alınan 4 mindən çox DNT nümunəsini araşdıran elm adamları bioloji cəhətdən türklərə ən çox bənzəyən ölkələrin siyahısını açıqlayıb.
TNS xəbər verir ki, Bilkent Universiteti Molekulyar Biologiya və Genetika Departamentinin rəhbərliyi ilə Koç Universiteti Suna İnan Kıraç Vəqfi, Sağlamlıq Elmləri, Rockefeller, Yale, Cardiff universitetləri və Sinay dağındakı İcahn Tibb Məktəbinin iştirakı ilə aparılan araşdırmada Türkiyənin 81 vilayətindən təxminən 4 min adamın DNT-si araşdırılıb.
Layihənin koordinatorlarından biri, Bilkent Universitetinin müəllimi, professor Tayfun Özçelik qeyd edib ki, araşdırmaların nəticələri Türkiyənin genetik bütövlüyə sahib olduğunu və yüksək səviyyədə genetik müxtəliflik ehtiva etdiyini ortaya çıxarıb.
“Türk toplumunun xüsusilə İtaliyanın Toskana bölgələrində yaşayan insanlarla yaxın münasibətdə olduğu müşahidə edilib. Bu yaxın münasibətdə ikinci ölkənin İspaniya olması müəyyənləşib”,- Özçelik bildirib.
Professorun sözlərinə görə, Türkiyənin coğrafi mövqeyi Şərqlə Qərb arasında genetik körpü yaradır. Məhz bu baxımdan, Türk cəmiyyəti ilə Balkan, Qafqaz və Yaxın Şərq cəmiyyətləri arasında ortaq genetik komponentlər var.