ƏLİ İNSANOVUN ÜRƏYİ NƏDƏN XƏSTƏ DÜŞÜB?
Tarix: 14-07-2012, 13:52 |
Çap et
BAXIMSIZLIQ VƏ GƏRƏKƏN TİBBİ MÜDAXİLƏNİN OLMAMASI FƏSAD YARATDI
DİA.AZ: - Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 2005-ci ilin 17 oktyabrında «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunmuş, 2007-ci ildə yalnız iqtisadi cinayətkarlığa görə mühakimə olunaraq 11 azadlıqdan məhrum edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun səhhətində yenidən problemlər yaranıb. Bu barədə məlumatı DİA.AZ-a keçmiş nazirin qohumlarından biri verib.
Mənbə bildirir ki, bu gün səhər saatlarında Əli İnsanovun ürəyində ağrılan baş qaldırıb: «Məlumdur ki, sabiq nazir bel fıtığından əziyyət çəkir və uzun müddətdir ki, müalicə olunmaması nəhayətdə ağrıların şiddətlənməsinə və eyni zamanda ürəyinin fəaliyyətinə təsir göstərməsinə nədən olub».
Artıq keçmiş nazirin səhhətində yaranmış problemlərin ədliyyə nazirliyinin penitensiar xidmətinin rəhbərliyinin də diqqətini cəlb etdiyini bildirən mənbəmiz onu da qeyd etdi ki, bu dəfə xidmət əməkdaşları xüsusi diqqət göstəriblər və Əli İnsanova gərəkən tibbi yardım göstərilib:
«Ola bilsin ki, İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin həbsxanada dünyasını dəyişməsi onları digər tanınmış məhbuslara münasibətdə daha da ehtiyatlı davranmağa vadar edir».
Mənbəmiz onu da əlavə etdi ki, artıq nazirin sağlıq vəziyyəti qaydasına düşüb. Amma pisləşmə ehtimalı olduqca yüksəkdir.