
QUBDALIDAN OLAN TƏHSİL İŞÇİSİ MİSİR MƏRDANOVDAN YARDIM İSTƏDİ
DİA.AZ: - Qubadlı rayon Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbinin müəllimi Aslan Abbasov təhsil naziri Misir Mərdanova müraciət edib. DİA.AZ vasitəsilə nazirə müraciət edən təhsil işçisinin məktubunda deyilir:
“Hörmətli nazir! Dəyərli vaxtınızı alaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Sizə bu məktubu Qubadlı rayon Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbinin direktoru Həqiqət Məmmədovanın qanunsuz əməllərindən xəbərdar etmək məqsədilə yazıram. Nəzərinizə çatdırıram ki, mən 2006-cı ildən etibarən sözügedən məktəbdə tarix müəlimi kimi çalışıram və bu müddət ərzində məktəb direktorunun çoxsaylı özbaşınalıqlarına şahid olmuşam.
Məhz H.Məmmədovanın qanunsuz tələblərini rədd etdiyim – təmir və s.adlarla tələb olunan vəsaiti vermədiyim, baş verənlərə qarşı öz haqq səsimi qaldırdığım üçün məktəb direktoru mənə qarşı çirkin kampaniyaya start verib. Pedaqoji qayda və əxlaqa zidd olaraq şagirdlər arasında mənim əleyhimə iftira kampaniyası aparan H.Məmmədova, şagird və müəllim heyəti arasında mənimlə bağlı mənfi rəy yaratmaq məqsədilə haqqımda olmazın ittihamlar irəli sürmüş, məni vəhabi təşkilatının liderliyi də daxil ən gülünc müddəalarla suçlamağa çalışmışdır. Qeyri-qanuni üsullarla mənə qarşı təzyiq göstərməyə çalışan H.Məmmədova bu gün də tanımadığım şəxslər tərəfindən mənim mobil tlefonuma təhdid xarakterli zənglər elətdirərək məni “ağıllandırmağa”, “haqq yolundan azmamağa” çağırır.
Nəzərinizə çatdırıram ki, cari ilin 13 iyun tarixində səhər saat 09:43 radəsindən 11:26 radəsinə qədər Azərsel mobil operatoruna məxsus abunə nömrəsindən mənə zəng edən, özünü Beyləqan rayonunun cinayət-axtarış şöbəsinin əməkdaşı kimi qələmə verən bir şəxs məni hədə-qorxu tonunda məktəblə bağlı sorğu-suala tutmuş, eyniylə H.Məmmədovanın söylədiyi kimi, rəhbərliyin sözündən çıxmamağa, “bir qədər ağıllı olmağa” səsləmişdir.
H.Məmmədova məktəbdəki qanunsuzluqlarla bağlı heç bir dövlət qurumunu məlumatlandırmamaq üçün mənimlə bir neçə dəfə “tərbiyəvi xarakterli” söhbətlər aparmış və bu söhbətlər zamanı mənə bildirmişdir ki, “məktəbin sirrini” başqasına açmaq olmaz. Məktəb direktoru mənim bu sirrə əməl etmədiyimi, bu sirrə xəyanət edərkən şəkillərimi çəkdirdiyini qeyd edib. Mən H.Məmmədova mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşın razılığı olmadan onun şəklini çəkməyin yolverilməz olduğunu, hətta belə bir əməlin jurnalistlər üçün belə qadağan edildiyini söyləsəm də, məktəb direktoru buna heç bir əhəmiyyət vermədi. Artıq günü sabah, yəni 14 iyun 2012-ci il tarixində Pedaqoji Şuranın toplantısını çağıracağı, məni işdən azad edəcəyini bildirən H.Məmmədova bu addımın digər müəllimləri qorxu və nəzarətdə saxlamaq üçün faydalı ola biləcəyi qənaətindədir.
Odur ki, bir müəllim, bir vətəndaş olaraq öncə Sizi məktəb direktorunun yol verdiyi özbaşınalıqlarla bağlı məlumatlandırmağı zəruri hesab edir və ümid edirəm ki, bütün bu qanunsuzluqların aradan qaldırılması üçün bütün gərəkli addımlar atılacaqdır. Beləliklə, H.Məmmədovanın yol verdiyi qanunsuzluqların bir qismini nəzərinizə çatdırıram:
1.Adı sözügedən orta məktəbin yuxarı siniflərində yer alan bir sıra şagirdlər var ki, onlar il boyu tədris prosesində iştirak etməsələr də, məktəb direktoru orta məktəb müəllimlərinə həmin şagirdlərə yüksək qiymət yazmağı tələb edir ki, bu da təhsil haqqında qanunun tələbləri ilə kəskin ziddiyyət təşkil edir. Diqqətinizə həmin şagirdlərin ad və soyadlarını çatdırır və əminliklə bildirirəm ki, aparacağınız ən xırda araşdrıma belə bu sahədə ciddi qanun pozuntularının üzə çıxması ilə nəticələnəcəkdir:
a) 11-ci sinif şagirdləri - Abbasova Səma, İsmayılov Elçin, Abışova Hürü, Abuşova Aytac, Cavadzadə Ceyhun, Müseybzadə Nigar, Cəfərli Arif və Gülnarə adlı şagird
b) 10-cu sinifdən İsmayılova Lamiyə, Ağayeva Nigar
c) 9-cu sinifdən Qəhrəmanov Samir
d) 8b sinifindən – Quliyeva Vüsalə,
e) 5a sinifindən Məmmədli Xalidə
2.Məktəb direktoru Həqiqət Məmmədova Azərbaycan xalqının ümummilli lideri möhtərəm Heydər Əliyev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının plakatlarını almaq adı ilə 37 nəfərlik müəllim kontingentinin hər birindən 10 manat məbləğində vəsait yığıb ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir. H.Məmmədova məlum pul yığımı kampaniyası zamanı bildirib ki, o müəllimlərdən bu pulu Rayon Təhsil Şöbəsinin müdirəsi Afət Allahverdiyevanın göstərişi əsasında toplayır və heç kimdən heç bir qorxusu yoxdur.
3.H.Məmmədova məktəbin təmir edilməsi məqsədilə 380 nəfərlik şagird kontingentinin hər birindən 1 manat məbləğində pul toplayıb.
4.Məktəb direktoru yenə təmir adı ilə məktəbin müəllim heyətinin hər birindən 20 manat məbləğində vəsait toplayıb.
5.Adıçəkilən orta məktəbdə bəzi müəllimlər var ki, H.Məmmədova ona qohumluq münasibəti çatan bu müəllimlərin məktəbə gəlməməyinə məqsədli şəkildə göz yumur, qanunun ona verdiyi səlahiyyətdən sui-istifadə edərək ayrı-seçkilik siyasəti yürüdür.
6.Həyat yoldaşı daxil olmaqla əksər yaxın qohumlarını ətrafına toplayan H.Məmmədova onun qanunsuz tələblərinə əməl etməyən qalan bütün müəllimləri arzuedilməz şəxs hesab edərək onlara qarşı mütəmadi təzyiq və basqı siyasəti həyata keçirir.
Odur ki, Sizdən üzləşdiyim problemlə bağlı aşağıdakı məsələlərə aydınlıq gətirməyinizi xahiş edirəm.
1)Orta məktəbdə baş verən özbaşınalıqlarla bağlı yuxarıda sadaladığım bütün məqamlar ətraflı şəkildə araşdırılsın və bu araşdırmanın nəticəsinə uyğun olaraq məktəb direktoru barəsində müvafiq tədbir görülsün.
2)Həqiqət Məmmədovanın məni qanunsuz olaraq təqib etdirməsinə son qoyulsun.
3)Mənim müəllim hüquqlarım qorunsun və haqsız olaraq, sırf məktəb direktorunun qərəzli münasibəti səbəbilə işdən azad edilməyimin qarşısı alınsın.
4)Mənə polis adından zəng edən (abunəçinin kimliyi aşkarlansın, məni narahat və təhdid etdiyi üçün müvafiq şəkildə məsuliyyətə cəlb edilsin.
Dəyərli vaxtınızı aldığım üçün bir daha Sizdən üzr istəyir və görəcəyiniz tədbirlərdən dolayı öncədən izə öz dərin təşəkkürümü bildirirəm”.









