MƏHƏRRƏM ƏLİYEV AZƏRBAYCANDAN GEDİR
Tarix: 18-06-2012, 11:39 |
Çap et
KEÇMİŞ POLİS RƏİSİ ÖLKƏNİ BU DƏFƏ SƏFİR KİMİ YOX, KÖNÜLLÜ TƏRK EDİR
DİA.AZ: - Bir zamanlar, daha dəqiqi Bakı şəhər Baş Polis İdarəsinə rəis olduğu dövrlərdə Daxili İşlər Naziri Ramil Usubova qarşı bir cəbhə açan və sonradan elə bu fəaliyyətinin nəticəsi olaraq Tacikistana «mədəni sürgünə» göndərilən Məhərrəm Əliyevin Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşması barədə xəbər almışıq.
Bu barədə DİA.AZ-a məlumatı verən mənbə bildirir ki, Məhərrəm Əliyev daimi yaşayış yeri kimi Rusiyanın Sankt-Peterburq şəhərini seçib. Bildirək ki, bu seçim heç də təsdüfi deyil. Çünki Məhərrəm Əliyevin deputat qardaşı Adil Əliyevin Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburqda böyük biznes imkanları var. Məlumatlarda da bildirilir ki, Məhərrəm Əliyev həmin biznesi yönəltmək üçün ora getmə qərarını verib.
Onu da qeyd edək ki, Məhərrəm Əliyev dünənə qədər hakimiyyət tərəfindən hansısa vəzifə ilə mükafatlandırılacağını gözləyirdi. Bu barədə yerli mətbuatda da müxtəlif informasiyalar yayılmışdı və hətta bildirilirdi ki, keçmiş polis rəisinin MTN-nə - Əli Nağıyevin yerinə nazir müavini təyin olunması da mümkündür. Amma sonradan bütün bu məlumatların heç biri özünü doğrultmadı.
Və belə görünür ki, artıq vəzifə gözləntisindən yorulan Məhərrəm Əliyev Azərbaycanı birdəfəlik tərk etmək qərarını verib.