AYAZ MÜTƏLLİBOV BAKI YOLUNU TUTDU
Tarix: 12-06-2012, 13:29 |
Çap et
KEÇMİŞ PREZİDENT GƏLƏN HƏFTƏ VƏTƏNƏ QAYIDACAĞINI AÇIQLADI
Müstəqil Azərbaycanın ilk prezidenti, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov gələn həftə Bakıya qayıdacaq. Bu barədə SalamNews-a eksklüziv açıqlamasında sabiq prezident A.Mütəllibov məlumat verib.
O deyib: "Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu təkrar səsverməyə çıxararaq qəbul edilməsinə çox sevindim. Bu cür qərarın qəbul edilməsi Azərbaycan dövlətinin demokratiya sahəsində atdığı müsbət irəliləyişin bariz nümunəsidir".
Onun sözlərinə görə, bu qərarın qəbul edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin də iradəsi böyük rol oynayıb: “Mən bunu demokratik islahatlar yolunda atılmış çox müsbət addım kimi qiymətləndirirəm. Bu qanunun qəbulu gələcəkdə bütün eks-prezidentlərə şamil ediləcək. Bu baxımdan Azərbaycan demokratik islahatlar aparan dövlətlər siyahısında yer alır”.
A.Mütəllibov vurğulayıb ki, əgər Prezident İlham Əliyevin bu cür iradəsi olmasaydı, o zaman sözügedən qanun qəbul edilməzdi.
Xatırladaq ki, Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib. O, 1992-ci ildən Moskvada mühacirət həyatı yaşayır.