"Sadəcə satdığı məhsulun üzərinə “Myshops” adlı möhür vurur..." - GİLEY
Tarix: 6-04-2018, 10:00 |
Çap et
Bakı şəhəri, Nizami küçəsi 166 ünvanında “Myshops” adlı mobil telefonları mağazasından narazılıq var.
AFN xəbər verir ki, bununla bağlı jurnalist Aytən Abdulova bildirib. Onun sözlərinə görə, həmin mağaza (internet unvani: myshops.ae) satdığı məhsullar üçün qəbz vermir: Kassa aparatları yoxdur. Qəbz bir tərəfə, alqı-satqıya dair heç bir qaimə də təqdim etmir. Sadəcə satdığı məhsulun üzərinə “Myshops” adlı möhür vurur, bir illik zəmanət talonu verir. Dünən aldığın telefonda “zavodskoy defekt” aşkarlanır səhəri gün məhsulu dəyişmək, yaxud geri qaytarmaq istəyəndə isə mağaza imtina edir. Həmin mağazada işləyənlər- satıcısından tutmuş müdirinə qədər hamısı bir ağızdan deyir ki, məhsulu geri qaytarmağa ixtiyarın yoxdur. Belə olan halda verdikləri 1 illik zəmanət də etibarsızlığını təsdiq etmiş olur. Alıcı olaraq hüququnu tələb etdikdə isə mağaza sahibi məhkəməyə verməklə hədələyir. Halbuki qanunvericilikdə alınan məhsulların nəzərdə tutulmuş qaydalara əsasən 14 gün ərzində geri qaytarılması nəzərdə tutulub. Amma “Myshops” adlı mağaza qanun-qayda tanımır, dəliyəm-güclüyəm misalı ilə davranır".
Mağazanın internet saytında göstərilən telefonlara edilən zənglər cavabsız qaldı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.