Qıpçaq Məlik Qazanxanı yatdığı yerdə tutduğu kimi Tramp da Maduronu eləcə oğurladı. Eynilə daxili xəyanət əsnasında. Venesueladakı rejimə münasibətdən asılı olmayaraq, baş verənlər beynəlxalq hüququn və ümumiyyətlə HÜQUQUN ayaq altına atılmasının pik nöqtəsidir. Söhbət nəinki bir dövlətin digərinə təcavüzündən gedir, həmçinin nəticədə əsir alınmış dövlət rəhbərinə qarşı əsir kimi deyil, adi cinayətkar kimi yanaşılmasından gedir. Bunun fəsadları çox ağır olacaq. Faktiki olaraq sivilizasiyanın son yüzilliklərdə əldə etdiyi nailiyyətlərdən imtina edərək əvvəlki özbaşınalıq (hamının hamıya qarşı müharibəsi) dövrünə qayıdırıq. Bunun acı nəticəsini o cümlədən ABŞ özü də görəcək. Çünki rəqabətdə Cinə uduzaraq, o, artıq dünya birincisi də deyil. Güclü niyə hüquqi dəyərləri rəhbər tutmalıdır? Sabah zəifləyəndə ona münasibətdə də Hüquq rəhbər tutulsun. Baxın, bizdə yüksək vəzifəli məmurlar özbaşınalıq edir, qanunları tapdayır, sabah vəzifədən gedəndə onlara qarşı da eyni münasibət sərgilənir. Buna görə də hər kəs vəzifəsindən bərk-bərk yapışır. Bu minvalla dünyada demokratiya da tədricən aradan gedə bilər. Çünki hətta ABŞ-da da Tramp kimi rəhbər və ətrafı hakimiyyətdən gedəndən sonra təqib olunacağından qorxacaq. Beləliklə, qəddarlıq daha da artacaq...
Əkrəm Həsənov - "DİA-AZ"









