MEKSİKADAN AZƏRBAYCANA DƏSTƏK
Tarix: 11-12-2011, 17:07 |
Çap et
PREZİDENTİN MEKSİKADAN GƏLƏN DEPUTATLARLA GÖRÜŞÜ İSTİ KEÇDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Meksika senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in məlumatına görə, dövlətimizin başçısı Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirməyin zəruriliyini qeyd edib.
Meksika senatı nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından önəmini vurğulayan dövlətimizin başçısı bundan sonra bu cür qarşılıqlı səfərlərin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Meksika senatının üzvü Karlos Ximenes Masias Meksika senatının müxtəlif siyasi partiya təmsilçilərindən ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etdiklərini bildirib. O, ölkəmizin sürətli inkişafı barədə məlumatlı olduqlarını deyib.
Karlos Ximenes Masias bildirib ki, Meksika parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcək.
Meksikalı qonaq ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Karlos Ximenes Masias Azərbaycanın energetika sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayaraq Meksikanın bu sahədə ölkəmizlə əməkdaşlıq etməsinin önəmini də qeyd edib.