İKİ İCRA BAŞÇISI MƏTBUATIN GÜDAZINA GEDİR
Tarix: 16-05-2013, 10:12 |
Çap et
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ KİV-LƏRLƏ PROBLEMƏ KİMƏ SƏRF EDİR?
DİA.AZ: - Son günlərlə mətbuatla ciddi problem yaşayan iki icra başçısı verdikləri reaksiyaları ilə durumlarını daha da gərginləşdiriblər. Bu barədə redaksiyamıza hökumət içindəki bilgili qaynaq xəbər verib. Mənbə DİA.AZ-a söyləyib ki, artıq hər iki icra başçısına problemləri yoluna qoymaları üçün qəti tapşırıq verilib.
Söhbət Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən və İimişli rayonuna rəhbərlik edən Vilyam Hacıyevdən gedir. Bildirək ki, Elmar Vəliyev bəzi KİV-lərlə hal-hazırda deyişmədə olsa da, Vilyam Hacıyev artıq bir sıra KİV-ləri hətta məhkəməyə belə verərək, onlarla bağlı astronomik iddialar da qaldırıb.
Məlumatı verən mənbə bildirir ki, bu il prezident seçkiləri ərəfəsində hakimiyyətin mətbuata doğru böyük bir jestinin planlaşdırıldığı məqamda icra başçılarının KİV-lərlə düşmənçilik yaratması heç də ümumiqtidar maraqları ilə uzlaşmadığından hər iki icra başçısına xəbərdarlıq edilib: «Təsəvvür edin, prezident Milli Mətbuat Günü jurnalistlərə ev verməyə hazırlaşır. Neçə ildir ki, bu məqama tədarük görülür. Və belə bir ərəfədə hansısa icra başçısının şəxsi maraqlarının əlahiddəliyi imkansızdır».
Mənbəmiz onu da əlavə etdi ki, artıq Vilyam Hacıyevin qəzetlərdən birinə qarşı Yasamal rayonunda qaldırdığı məhkəmə iddiası rədd edilib. Və anoloji qərarların digər KİV-lərə münasibətdə də veriləcəyi gözləniləndir.