BAKIDA BORCA GÖRƏ GİROV GÖTÜRÜLƏNLƏR AZAD OLUNUBLAR
Tarix: 29-11-2011, 16:07 |
Çap et
ONLARIN 3 MİLYON BORCLARI VAR
Bakıda borca görə girov götürülən iki nəfər girovluqdan azad olunub.
Daxili İşlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində - Dəyanət Əkbər oğlu İsmayılova məxsus ofisdə girov saxlanmaları barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Bununla əlaqədar dərhal həyata keçirilmiş tədbirlər nəticəsində onlar girovluqdan azad ediliblər.
İlkin araşdırmalarla müəyyən edilib ki, Dəyanət İsmayılov noyabrın 20-də Mehman Vahabzadəni və Samid Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət edib və sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoyub.
İsmayılov onları borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirəcəklərinə qədər girov saxlayacağını bildirib.
Araşdırmalar zamanı Vahabzadənin və Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilib.
Əməliyyat tədbirləri davam etdirilir.