Azərbaycan Dəmir Yolları (ADY) ilə Tiflisə səfər edən sərnişinlər dönüş bileti tapmaqda hələ də çətinlik çəkirlər.
Tribuna.az-a narazılığını bildirən sərnişinlər bildirib ki, hazırda sistemdə sentyabr ayı üçün Tiflisdən Bakıya qatar biletlərinin ümumiyyətlə mövcud olmadığı görünür.
Sərnişinlər qeyd edir ki, belə olduğu halda da qatarla Tiflisə gedəndən sonra geri dönüş üçün 2, bəzən də 3 qat pul xərcləyərək təyyarə ilə Bakıya dönmək məcburiyyətində qalırlar. Bu da sərnişinə gözlənilməyən əlavə xərclər çıxarır.
Şikayət edənlərin sözlərinə görə, sərnişinlər Tiflisdən Bakıya fərdi qaydada bilet tapa bilmədikləri halda, turizm şirkətləri təşkil etdikləri səfərlər çərçivəsində həm Bakı-Tiflis, həm də Tiflis-Bakı istiqamətində biletləri təmin edə bilirlər.
Bu vəziyyət sərnişinlər arasında haqlı suallar yaradır.
Əgər fərdi sərnişin ADY-nin sistemində Tiflisə gediş bileti əldə edə bilirsə, niyə dönüş istiqamətində bilet tapmaq mümkün deyil? Eyni zamanda, turizm şirkətləri qrup səfərləri üçün gediş-dönüş biletlərini necə və hansı qaydada əldə edirlər?
Sərnişinlər hesab edir ki, qatar biletlərinin müəyyən hissəsi gizli yollarla turizm şirkətlərinə ayrılır. Elə bu səbəbdən də sərnişinlər bilet tapmaqda çətinlik çəkir.
Sərnişinlər hesab edir ki, bu bilərəkdən edilir və ADY özü də buna şərait yaradır.
Məhz bu səbəbdən sərnişinlər ADY-yə etibar etmir, geri dpnüşdə problem və gərginlik yaşamamaq üçün bir qədər bahalı olsa da tur firmalarına üz tuturlar.
Məsələ ilə bağlı ADY-nin mövqeyi maraqlıdır.






