Ermənistanın baş naziri Nikol Paşinyan Karen Andreasyanı beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə vəzifəsinə yenidən təyin edib. Kadr qərarı Azərbaycan və Ermənistan arasında sülh prosesi fonunda beynəlxalq məhkəmələrdəki qarşılıqlı iddiaların gələcək taleyi baxımından diqqət çəkir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Andreasyanın yenidən təyin edilməsi barədə qərarı Nikol Paşinyan imzalayıb.
Bu vəzifə Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə İrəvanın Avropa İnsan Hüquqları Məhkəməsi və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindəki proseslərində, o cümlədən Azərbaycanla bağlı işlərdə mühüm rol oynayır.
Andreasyan bu postda Yegişe Kirakosyanı əvəz etmişdi. Kirakosyan uzun müddət Ermənistanın Azərbaycan əleyhinə beynəlxalq məhkəmələrdə qaldırdığı iddialarla məşğul olan əsas rəsmilərdən biri olub.
O, 2025-ci ilin martında vəzifəsindən ayrılaraq elmi fəaliyyətlə məşğul olmaq istədiyini açıqlayıb. Paşinyan əleyhinə mövqeyi ilə seçilən erməni mənbə isə Kirakosyanın gedişini başqa cür şərh edərək bunun Bakı ilə sülh sazişi naminə beynəlxalq məhkəmələrdəki iddiaların geri götürülməsi ehtimalının gündəmə gəldiyi dövrə təsadüf etdiyini xüsusi qabardıb. Mənbə həmin vaxt qurum daxilində də narazılıq yarandığını iddia edir.
Karen Andreasyan əvvəllər Ermənistanın ədliyyə naziri və Ali Məhkəmə Şurasının sədri olub. Sözügedən erməni mənbə onun Paşinyana yaxınlığını qabardaraq hazırkı təyinatı da siyasi kontekstdə təqdim etməyə çalışır.
Azərbaycan oxucusu üçün isə təyinatın əsas maraqlı tərəfi başqadır: Bakı ilə İrəvan arasında sülh gündəliyinin davam etdiyi bir vaxtda Ermənistanın Azərbaycan əleyhinə beynəlxalq hüquqi proseslərinə cavabdeh əsas post yenidən Karen Andreasyana həvalə olunur. Bu səbəbdən növbəti mərhələdə əsas diqqət tərəflərin beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdıqları iddiaların taleyinə yönələcək.







