Müğənni Şəbnəm Tovuzlunun doğulduğu Tovuz rayonunun Qovlar kəndində maddi imkanı zəif sakinlərin mağaza borclarını ödəməsi müzakirələrə səbəb olub. Bəziləri bu cür yardımların nümayiş etdirilməsini doğru saymır, digərləri isə bunu xeyriyyəçiliyi təşviq edən və cəmiyyəti səfərbər edən müsbət addım kimi qiymətləndirir.
Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, insanlara yardım etmək, xüsusilə də təmənnasız və gizli şəkildə dəstək olmaq dində böyük savab sayılır:
“Yardımın gizli edilməsi daha üstün hesab edilsə də, bəzən onu açıq şəkildə həyata keçirmək başqalarına nümunə olmaq baxımından məqsədəuyğun ola bilər. Əhalinin maddi, sosial vəziyyəti ağırlaşdıqca imkanlı və vicdanlı şəxslərin ehtiyacı olan insanların borclarını bağlaması xeyirli əməl kimi qiymətləndirilir. Bu cür yaxşılıq böyük savab gətirən davranış hesab olunur. Lakin yardım reklam xarakteri daşıyarsa, özünü göstərmək, riyakarlıq etmək və ya ehtiyac sahibinin abrını zədələmək məqsədi güdərsə, savabdan çox günah qazandırar. Yardım elə edilməlidir ki, kasıbın qüruru tapdalanmasın, o, dilənçi kimi təqdim olunmasın”.
Dinşünas bildirib ki, dində göstəriş və riyakarlıq qəbul edilmir:
“Bununla belə, başqalarını xeyirxah əməllərə təşviq etmək məqsədilə yaxşılığın özü nümunə kimi ictimailəşdirilə bilər. Bu zaman yardım edilən şəxslərin adlarının açıqlanması və siyahıların elan olunması yolverilməz sayılır. Çünki ehtiyac sahibləri gizli saxlanmalıdır”.









