SOCAR "AzəriQaz" İstehsalat Birliyinin işçiləri etdikləri müraciət və şikayətlərin baxımsız qalmasından gileylənirlər. "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən qurumun işçisi Rüfət Hüseynov AzəriQaz rəhbərliyinə ünvanlanmış müraciətində bildirir.
Müraciətdə deyilir: "Hörmətli Azəriqaz İB.
Bu paylaşımın üzərindən artıq bir neçə gün keçməsinə baxmayaraq, verdiyim suallara gələndə bir kəlmə də olsun cavab verilməyib. Elə buna görə də bu paylaşımı yenidən xatırlatmağa məcbur oldum.
Şair demişkən: "Təki mən tox olum, özgələr ilə nədir karım?" Ey hörmətli AzəriQaz rəhbərliyi, doğurdanmı siz də bu düşüncə ilə hərəkət edirsiniz? Əgər belə deyilsə, niyə aylardır ezamiyyə ödənişlərini gözləyən işçilərin sualları cavabsız qalır? Yoxsa başınız başqa məsələlərə qarışıb? İşçilərin etiraz etdiyi imtahanların nəticələri onlara açıqlanmadan "imtahandan kəsilmisiz" deyilir və insanlar işdən uzaqlaşdırılır. Amma aylardır ezamiyyə pulunu gözləyən işçilərə bir cümləlik rəsmi cavab verməyə belə vaxt tapılmır. Belə görünür ki, bu suallar da yenə cavabsız qalacaq. Bəs onda işçilər nə etsin? Hökumətdən borc istəsinlər ki, ailələrini dolandırsınlar, uşaqlarına quru çörək ala bilsinlər? Axı işçilər borc yox, aylardır gecikdirilən öz qanuni ezamiyyə pullarını istəyirlər. Mən yenə sualı verirəm; aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək? Yoxsa bu sual da əvvəlki kimi cavabsız qalacaq?.."

















