“Hörmətli Anar Əliyev!
Hörmətli Firdovsi Əliyev!
Mən, Abbasov Mahir Əsgər oğlu, Sizə müraciət edərək xahiş edirəm ki, ərizəmi diqqətlə nəzərdən keçirəsiniz və cavabsız qoymayasınız.
Bu günə qədər dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlamışam. Lakin görünən odur ki, məktublarım ya ünvanına çatmayıb, ya da müraciətimə lazımi qaydada baxılmayıb. İnanıram ki, övlad dərdi yaşayan, çıxılmaz vəziyyətdə qalan bir atanın səsini eşidəcək və müraciətimi diqqətlə dəyərləndirəcəksiniz.
Hazırda Qarayeri qəsəbəsində Mənzil-Kommunal Təsərrüfatı Birliyində çalışıram. Oğlum Abbasov Kənan Mahir oğlu anadangəlmə əqli məhdudiyyətlidir və daim xüsusi qayğıya ehtiyac duyur. Yaşı artdıqca onun sağlamlıq vəziyyəti və davranışları ilə bağlı çətinliklər də çoxalır. Ailə olaraq hər gün ağır sınaqlarla üz-üzə qalırıq. Bəzən elə hallar yaşanır ki, onları sözlə ifadə etmək belə çətindir.
İşləməyə məcburam, çünki ailəmin dolanışığı buna bağlıdır. Ancaq iş yerimin yaşadığım evdən uzaqda yerləşməsi səbəbindən övladımla bağlı gözlənilməz hadisə baş verdikdə vaxtında evə çata bilmirəm. Bu isə həm övladımın təhlükəsizliyi, həm də ailəmizin psixoloji vəziyyəti baxımından ciddi problemlər yaradır.
Bilirəm ki, müraciətim ilk baxışdan adi bir yerdəyişmə xahişi kimi görünə bilər. Lakin mən bunu şəxsi rahatlığım üçün deyil, yalnız övladımın sağlamlığı və ailəmin ağır vəziyyəti nəzərə alınaraq xahiş edirəm. Mən həm işləmək, həm də xüsusi qayğıya ehtiyacı olan övladıma ata kimi lazımi diqqəti göstərmək istəyirəm.
Bu səbəbdən, Sizdən xahiş edirəm ki, hazırda çalışdığım Qarayeri Mənzil-Kommunal Təsərrüfatı Birliyindən sənədlərimin Qaraarx Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilməsinə köməklik göstərəsiniz. Məlumata görə, həmin müəssisədə hazırda işçi ehtiyacı da mövcuddur. Əgər bu yerdəyişmə həyata keçirilərsə, həm işimi davam etdirə, həm də evimə yaxın olduğuna görə övladımın qayğısına daha operativ şəkildə qala bilərəm.
Ümid edirəm ki, müraciətim humanist yanaşma ilə qiymətləndiriləcək və ailə vəziyyətim, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan övladımın durumu nəzərə alınaraq mənə müsbət cavab veriləcək.
Əvvəlcədən göstərəcəyiniz diqqət və anlayışa görə Sizə təşəkkür edirəm”.









