Naxçıvan şəhəri və ətrafında yaşayan 10 min nəfərə yaxın abonent iki gündür içməli su üzünə həsrət qalıb. Sakinlərin „Gündəlik Naxçıvan“a bildirdiklərinə görə, qaynar xəttə dəfələrlə zəng vursalar da dəstəyi qaldıran olmayıb.
Bəzi sakinlərə su xəttlərində qəza olduğu bildirilsə də təmirin nə zaman bitəcəyi ilə bağlı məlumat verilmir.
Susuz qalan ərazilər əsasən Naxçıvan şəhərindəki mikrorayon, 6-cı məhəllə, Əlincə məhəlləsi, Hacıniyət, Qaraxanbəyli kəndləri və s. dir.
“Iki sutka da susuz qalmaq olar? Hər ay 25-30 manat su pulu ödəyirik. Niyə belə edirlər Evində uşaqlısı, xəstəsi olan, işə gedən var – səhər durub tualetə getməyə belə su yoxdur. Ayda 4–5 dəfə su kəsilir, hər dəfə də 14–15 saat susuz qalırıq.
Qəza xidməti ya vaxtında gəlmir, ya da problemi keyfiyyətsiz həll edir, bir neçə gün sonra yenə eyni vəziyyət təkrarlanır. Dəfələrlə zəng edib şikayət etsək də, ya cavab vermirlər, ya da yola verirlər. Bu, artıq dözülməz haldır, məsələ təcili həll olunmalıdır.”
Naxçıvan şəhər Əlincə məhəlləsi sakini Daşqın Vəliyev deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb:
“Zəngləri ya açmırlar, ya da düzgün cavab verilmir, insanları yola verirlər.Gecədən su kəsilib, saatlarla, bəzən 20–24 saat su olmur. İndi isə iki sutkaya yaxındı. Yemək bişirmək, ən sadə ehtiyacları ödəmək mümkün deyil.
Hər gün su kəsilir, camaat bezib, illərdir problem həll olunmur. Bu, artıq minlərlə insanın yaralı yerinə çevrilib və heç kim maraqlanmır.”










