
"Bu nədir belə? 15 il öncə ev təmir etmişəm, və köçüb yaşamışam. Xatırladığım qədərilə təmirə icazə pulunu da 15 il öncə vermişəm. Üstəgəl, sayğaclar hökumət hesabına qoyulmalıdır, ancaq tutaq ki, sakinlər verməlidir, elə şey ola bilər ki, 15 ildir sayğacın pulunu bizdən almadan ımkan verərdilər işlədək? Əminəm ki, onların da pulunu alıblar bizdən, amma heyif ki, əlimizdə sübut yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu "Qurtuluş 93" MTK-da yaşayan Əhəd Məmmədov qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "İndi evi satıram deyə bunu zorla aldılar, ancaq izah sənəddəki səbəblə uyğun gəlmir. Şifahi olaraq deyirlər ki, yeni sahibinin adına sayğacları dəyişmək üçündür, evi alan da bu sənədə baxıb bu məbləği vermir ki, "təmir zamanı" yazılıb, deyir ki, sənlikdir. İndi bunun açıqlaması nədir? Kimə şikayət edək? Belə özbaşınalıq olar? Ürəkləri nə istəyir, onu da edə bilərlər? Bu da ödənməsəydi, kupçaya müraciət etmək üçün tələb olunan sənədi vermirdilər, biz də kupçanı ala bilməyəcəkdik.
Xahiş edirəm aidiyyəti üzrə qurumlar haradır, köməklik göstərin şikayət edək".








