Nehrəm kənd sakini Eyvazov Vəfadar Vəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi su filtrlərinin satışı ilə məşğul olan "Dinamic Ocean” MMC şirkətindən narazılığını bildirir:
“Mən, Eyvazov Vəfadar Vəli oğlu, Babək rayonu, Nehrəm qəsəbəsinin sakiniyəm. Mən su filtlərinin satışı ilə məşğul olan “Dinamic Ocean” MMC şirkətindən şikayətçiyəm.
Belə ki, şirkət vasitəsilə müqavilə bağlayıb, özümə su təmizləyici qurğu almışam. Müqavilədə göstərilmişdir ki, vətəndaşa satılan su filtrlərində 48 ay ərzində problem olarsa, dərhal müraciəti araşdırılacaq və yenisi ilə təmin ediləcək.
Qurğunu aldıqdan cəmi 7-8 ay sonra şirkətə zəng etdim və mənə satılan aparata baxılmasını xahiş etdim. Şirkətin əməkdaşları səhlənkarlıq etdilər, gəlib baxmadılar. Mən də filtrin həmin aydan ödənişi dayandırdım. Həmin vaxta qədər 1 100 manatdan artıq pul ödəmişdim, 872 manat borcum qalırdı.
Ödənişi dayandırdıqdan sonra şirkətə bildirdim ki, gəlin aparatınızı aparın, ödədiyim pulu da qaytarın. Bu şirkət əvəzində məni Babək Rayon Məhkəməsinə verdi.
Mənim üçün çox maraqlıdır ki, Babək rayonunda gedən məhkəmə prosesində iştirakım olmadan, hakimi Günay İsmayıl mənim haqqımda qərar qəbul edib. Haqqlı ola-ola, haqsız duruma düşürəm. Yəni mənsiz məhkəmə keçirilib, qərar verilib. Belə çıxır ki, şirkət məhkəməni “satın alıb”. Həm suçludu, həm də güclüdürlər. Vətəndaş isə zəif nümayəndə olduğu üçün hər zaman “haqsızdır””.











